«Qəbələ»-«Qarabağ» matçında qalib müəyyənləşmədi
Xəbərlər / 27 Fevral 2013 | 13:22283
«Qəbələ»-«Qarabağ» matçında qalib müəyyənləşmədi

Azərbaycan Kuboku, 1/4 final mərhələsi, ilk oyun

 “Qəbələ” – “Qarabağ”- 1:1 

27 fevral 2013. Saat 15:00. Qəbələ şəhər stadionu. 1150 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Munis Abdullayev
Dördüncü hakim: Elvin Əsgərov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Gülağa Cabarov
Sarı vərəqə: Namiq Yusifov, 32 (perspektivli hücumun qarşısını kəsdiyinə görə)
Qollar: Luis Paulo Hilario, 33 // Vüqar Nadirov, 56
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.

Azərbaycan kuboku uğrunda yarışın 1/4 final mərhələsi start götürüb. Turnirin 8 ən güclüsü arasında yer alan “Qəbələ” FK yarımfinala vəsiqə uğrunda “Qarabağ”la mübarizə aparır. 1/4 final mərhələsinin ilk oyunu Qəbələ şəhər stadionunda baş tutub.

Ramiz Məmmədovun rəhbərlik etdiyi kollektiv görüşə itkilərlə çıxmışdı. Belə ki, Viktor Mendi və Aleksandr Çertoqanov zədə ucbatından oyunu kənardan izləyirdilər. Premyer Liqanın son turunda “Xəzər Lənkəran”a qarşı keçirilən matçla müqayisədə start heyətdə 2 dəyişiklik var idi. Klubumuza qışda transfer olunan Ceyhun Sultanov “Qəbələ”nin formasında birinci dəfə ilk “11-lik”də yer almışdı. Bundan başqa, braziliyalı müdafiəçi Daniel Lopes Kruz da 2013-cü ildə ilk dəfə rəsmi oyuna çıxmışdı. Onlar Çertoqanovla rumınyalı legioner Kristian Pulhakı əvəzləmişdilər. Start heyətdə 1 nominal dayaq yarımmüdafiəçisi olsa da, Amit Quluzadəyə bu mövqedə Ceyhun Sultanov da yardımçı olmağa çalışırdı. 

“Oəbələ” futbolçuları matça fəal başlasalar da, ilk təhlükə qonaqlardan gəldi. 8-ci dəqiqədə Əfran İsmayılovun iti bucaq altında zərbəsini Dieqo Kosta zərərləşdirə bildi. Bir-birindən ehtiyatlanan tərəflər az qüvvə ilə irəli atılır, eyni zamanda müdafiəni də yaddan çıxarmırdılar. Ancaq dəqiqələr keçdikcə komandamız meydançada üstünlüyü ələ almağa başladı. 33-cü dəqiqədə isə növbəti hücumlarımızdan biri qolla nəticələndi. Daniel Lopes Kruzun sol cinahdan cərimə meydançasına qaldırdığı topu hamını qabaqlayan Dodo başla tora qovuşdurdu – 1:0. 
Qoldan ruhlanaraq, daha inamlı təsir bağışlayan futbolçularımız fasiləyə minimal hesablı üstünlüklə yollandılar. Lakin qələbə hesabını qorumaq müşkülə çevrildi. Çünki 56-cı dəqiqədə qapıçımız Dieqo Kosta Silva rəqib futbolçu Vüqar Nadirovun qüvvətli zərbəsi qarşısında aciz qaldı. Tarazlıq bərpa olunduqdan sonra komandamızın baş məşqçisi Ramiz Məmmədov Yaşar Abuzərovla Kristian Pulhakı mübarizəyə qoşdu. Bu futbolçuların meydançaya daxil olması oyunun sürətini artırdı. “Qəbələ” xüsusilə son dəqiqələrdə fəallığı ilə yadda qaldı. Hətta final fitinə 5 dəqiqə qalmış Kamanan rəqib qapısına yol da tapdı. Ancaq bu epizodda Kamanana ötürmə verən Pulhakın oyundankənar vəziyyətdə olduğunun bildirən hakim qolu qeydə almadı. Beləliklə, 1/4 final mərhələsinin ilk oyunu 1:1 hesabı ilə başa çatdı. Yarımfinala adlayacaq komandanın adı martın 7-də Bakıda keçiriləcək cavab matçında bilinəcək.


“Qəbələ”

25. Dieqo Kosta Silva
4. Amit Quluzadə
10. Luis Paulo Hilario
11. Yannik Kamanan 
15. Omar Kalabane
22. Lourival Rodriqes 
(8. Kristian Pulhak, dəq.64)
26. Daniel Lopes Kruz
27. Rəşad Abdullayev (k)
(23. Şəhriyar Xəlilov, dəq.82)
34. Ürfan Abbasov 
84. Dejan Kelhar 
90. Ceyhun Sultanov
(7. Yaşar Abuzərov, dəq.64)

Ehtiyat oyunçular:

30. Anar Nəzirov 
3. Vurğun Hüseynov 
5. Luka Zinko 
16. İfeanyi Emeqara

Baş məşqçi: Ramiz Məmmədov

 “Qarabağ”

89. Miro Varvodiç
5. Maksim Medvedev
6. Hacı Əhmədov 
(2. Qara Qarayev, dəq.54)
7. Namiq Yusifov 
10. Muarem Muarem 
14. Rəşad Sadıqov (k)
17. Vüqar Nadirov 
22. Əfran İsmayılov 
(21. Reynaldo Silva, dəq.83)
24. Admir Teli 
25. Ansi Aqolli 
70. Vaqif Cavadov  
(55. Bədavi Hüseynov, dəq.78)

Ehtiyat oyunçular:

1. Fərhad Vəliyev 
18. İlqar Qurbanov 
27. Elvin Musazadə
44. Eltun Yaqublu

Baş məşqçi: Qurban Qurbanov