Sloveniyada təlim-məşq prosesini davam etdirən "Qəbələ" hazırlıq çərçivəsində üçüncü yoxlama oyununu keçirib. Komandamız Serbiya təmsilçisi "Rad" Belqradla üz-üzə gəlib. "Qəbələ" qarşılaşmada aşağıdakı start heyətlə mübarizə aparıb:
Dieqo Koşta Silva, Ürfan Abbasov, Nodar Məmmədov, Deyan Kelhar, Omar Kalabane (Vurğun Hüseynov), Rəşad Abdullayev, Elmar Baxşıyev, Aleksandr Çertoqanov (Yaşar Abuzərov), Viktor Mendi (Rövşən Əmiraslanov), Luis Hilario Dodo (Kamal Mirzəyev), Yannik Kamanan (Amil Yunanov).
Matç qəbələnin üstünlüyü ilə başladı. Biraz irəli gedib ilk 45 dəqiqədə bütün xətlərdə nəzarəti ələ keçirən komandamızın rəqibə qapımızın qarşısında təhlükəli vəziyyət yaratmaq imkanı vermədiyini söyləmək olar. İlk qol epizodu isə Yannik Kamananın aktivinə yazıldı. Sol cinahdan cərimə meydançasına daxil olan hücumçu qapıya zərbə endirsə də, qapıçı diiqətli oynadı. Ardından eyni istiqamətdən Dodo fərqlənmək imkanını qaçırdı. İlk hissədə iki dəfə - Omar Kalabane və Aleksandr Çertoqanovun zərbələrindən sonra qapı tiri rəqibi xilas etdi. Beləliklə "Qəbələ"nin çoxsaylı imkanlarına baxmayaraq ilk hissədə hesab açılmadı.
İkinci yarının əvvəllərində də üstün tərəf "Qəbələ" idi. Bu üstünlük 55-ci dəqiqədə özünü hesabda da əks etdirdi. Künc zərbəsindən sonra Deyan Kelhar fərqləndi - 1:0. Lakin komandamız qələbə hesabını sona kimi qoruya bilmədi. Bu qoldan sonra irəli atılan serblər 20 dəqiqə status-kvonu bərpa etməyə və hesabda irəli çıxmağa imkan tapdılar. Son qol həm də, qarşılaşmanın nəticəsini müəyyənləşdirdi - 1:2.