«Qəbələ» qrup mərhələsini uğurla adladı, amma... - Fotoreportaj
Xəbərlər / 1 Aprel 2013 | 19:32277
Antalyada IV Vodafone Kubokunda çıxışını davam etdirən “Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası bu gün turnir çərçivəsində 2 oyun keçirib. Qrup mərhələsinin son oyununda “Kızılcahamamspor”la qarşılaşan “qırmızı-qaralar” rəqibinə heç bir şans verməyib. Türkiyə təmsilçisini 4 dəfə meydançanın mərkəzinə dəvət edən “Qəbələ” qapısını toxunulmaz saxlaya bilib – 4:0. Matç Təbriz İsazadənin het-triki ilə yadda qalıb. Digər qol isə Məhəmməd Abbaslının aktivinə yazılıb. Bu nəticədən sonra 2 qələbə və 1 məğlubiyyətlə “Qəbələ” qrup mərhələsini 2-ci pillədə adlayıb. 1/16 final mərhələsində isə təmsilçimiz İspaniya “Vilyarreal”ı ilə üz-üzə gəlib. “Qırmızı-qaralar” matçı yüksək səviyyədə keçirsə də, yekunda ispaniyalılar 2:0 hesabilə qalib gəlib. “Qəbələ” turnir çərçivəsində növbəti oyununu aprelin 3-ü keçirəcək. 9-16-cı yerlər uğrunda qarşılaşmada komandamız “Sarıyer”lə münasibətlərinə aydınlıq gətirəcək.
Sabah isə turnirdə All Star matçı baş tutacaq. Sözügedən oyunda Əcnəbilər yığması ilə Türk yığması üz-üzə gələcək. Əcnəbilər yığmasının qapısını “Qəbələ”li Murad Cəfərov qoruyacaq. Bakı vaxtı ilə 15:30-da start götürəcək matç NTV Spor kanalı vasitəsilə canlı yayımlanacaq.