«Qəbələ» «Sabah»la oyunun hazırlığına start verdi
Xəbərlər / 30 Oktyabr 2018 | 22:09683
«Qəbələ» «Sabah»la oyunun hazırlığına start verdi

“Qəbələ” Topaz Premyer Liqasının X turunun hazırlığına start verib. Oktyabrın 27-də keçirilən “Sumqayıt”la IX turun səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib. “Qırmızı-qaralar” bu gün baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı” FK-nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub. 

Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.

Xatırladaq ki, noyabrın 4-də keçiriləcək “Qəbələ” – “Sabah” matçı saat 17:00-da başlayacaq.