UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda Rusiyanın “Krasnodar” klubu ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Qısa istirahətdən sonra məşqlərini sentyabrın 28-də bərpa edən “qırmızı-qaralar” iki gün Bakıda məşq edib. Bakı Olimpiya stadionunda baş tutan hazırlıqlarda zədəli Rafael Santos istisna olmaqla bütün futbolçular iştirak edib. Roman Qriqorçukun yetirmələri hər iki məşq zamanı toplu çalışmalara üstünlük verib. Bununla da “Qəbələ” paytaxtdakı hazırlığını yekunlaşdırıb. Komandamız sabah səhər Rusiyanın Krasnodar şəhərinə yola düşəcək. Oyunöncəsi son məşq də qarşılaşmanın baş tutacağı “Kuban” stadionunda keçiriləcək. “Qırmızı-qaralar” bu arenaya Bakı vaxtı ilə saat 22:00-da çıxacaq. Saat 21:15-də isə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və müdafiəçi Arif Daşdəmirovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.
Xatırladaq ki, II turun oyunları oktyabrın 1-də baş tutacaq. “Qəbələ”nin “Krasnodar”la səfər oyunu Bakı vaxtı ilə 00:05-də start götürəcək. Matçı polşalı hakimlər briqadası idarə edəcək.
UEFA Avropa Liqası
Qrup mərhələsi
II tur, 1 oktyabr
C qrupu
00:05. “Krasnodar” (Rusiya) – “Qəbələ”
Baş hakim: Marçin Borski (Polşa)
Baş hakimin köməkçiləri: Rafal Rostkovski, Marçin Bonek (hər ikisi Polşa)
Əlavə köməkçi hakimlər: Daniel Stefanski, Tomaş Vayda (hər ikisi Polşa)
Dördüncü hakim: Krjiştof Mirmus (Polşa)
UEFA nümayəndəsi: Sergey İliç (Belarus)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
Krasnodar. “Kuban” stadionu