“Qəbələ” İdman Klubunun samboçuları Avropa oyunlarında mübarizəyə başlayıb. Azərbaycan millisinin heyətində çıxış edən 5 idmançımızdan dördü mükafatlar uğrunda həlledici görüşlərə vəsiqə qazanıb. Amil Qasımov (74 kq) və Vasif Səfərbəyov (+100 kq) finala yüksələrək qızıl medal uğrunda qarşılaşmada iştirak edəcək.
Yarışa 1/4 finaldan başlayan Qasımov Kaxa Mamulaşvilini (Gürcüstan) 10:0 hesabı ilə məğlub edib. Yarımfinalda bolqarıstanlı Martin İvanovdan güclü olan (4:3) Amil qızıl medal döyüşündə belaruslu Stepan Popovla qarşılaşacaq.
Səfərbəyov 1/4 finalda Bayro Maşoviçə (Makedoniya) 8:0, yarımfinalda Ukraynanı təmsil edən erməni əsilli Razmik Tonoyana əlavə göstəricilərlə (1:1) qalib gələrək, finala çıxıb. O, həlledici qarşılaşmada Artyom Osipenko (Rusiya) ilə üz-üzə gələcək.
Qadınların yarışında isə Şəhanə Hüseynova (60 kq) və Nərmin Əlizadə (68 kq) bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. 1/4 finalda Yana Kostenkoya (Rusiya) uduzan Şəhanə təsəlliverici döyüşdə Şorena Şaradze (Gürcüstan) ilə güləşib. Bu dəfə qələbə qazanan (4:2) samboçumuz bürünc medal uğrunda görüşdə Katarin Prakapenka (Belarus) ilə üz-üzə gələcək. Əlizadə 1/4 finalda Olqa Namazovaya (Belarus) məğlub olsa da, bürünc medal uğrunda yarışacaq. O, fransalı Kelin Konde ilə qüvvəsini sınayacaq. “Qəbələ” samboçularından yalnız Fəridə Qurbanova (64 kq) medal şansını itirib. 1/4 finaldan mübarizəyə qoşulan idmançımız moldovalı Yekaterina Sretuya 0:2 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.