«Qəbələ» «Şiroki Briyeq» səddini aşa bilmədi
Xəbərlər / 10 İyul 2014 | 21:49240
«Qəbələ» «Şiroki Briyeq» səddini aşa bilmədi

Avropa Liqası, I təsnifat mərhələsi, cavab oyunu
“Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Qəbələ” (Azərbaycan) - 3:0
10 iyul 2014, saat 23:30, Şiroki Briyeq, “Petsara” stadionu
Baş hakim: Vladimir Vnuk
Baş hakimin köməkçiləri: Miroslav Benko, Mihal Tomçik
Dördüncü hakim: Boris Marhefka (hamısı Slovakiya)
Sarı vərəqələr: Ropotan, 9, Pehar, 21, Abbasov, 44, Hacıyev, 55
Qollar: Zakaric, 17; Maric, 29, 56
İlk oyun – 2:0

Avropa Liqasında I təsnifat mərhələsinə yekun vurulub. Avrokuboklarda debüt mövsümünü keçirən “Qəbələ” mərhələnin cavab oyununu Bosniya və Herseqovinada keçirib. Yerli “Şiroki Briyeq” klubunun qonağı olan “qırmızı-qaralar” 2014/15 mövsümündə ilk səfər matçına çıxıb. Bir həftə əvvəl öz meydanında 0:2 hesabı ilə uduzan Dorinel Muntyanunun yetirmələri bu məğlubiyyətin əvəzini rəqib meydanında çıxmalı idi.

Rumıniyalı baş məşqçi ilk görüşlə müqayisədə start heyətində dəyişiklik etmişdi. Müdafiənin sol cinahında Elnur Allahverdiyevi gənc Ürfan Abbasov əvəzləmişdi. “Qəbələ”nin Futbol Akademiyasının yetirməsi Elvin Camalovun ilk matçda çıxış etdiyi mərkəz yarımmüdafiəçisi kimi isə təcrübəli Andrey Kristea oynayırdı.

Digər mövqelərdə dəyişikliyə ehtiyac duymayan Muntyanu 4-5-1 sisteminə də sadiq qalmışdı. Qapıda komandanın kapitanı Kamran Ağayev dayanmışdı. Müdafiənin mərkəzində Vladimir Levinlə Rafael Santos, sağında isə Ruslan Tağızadə qərarlaşmışdı. Dayaq yarımmüdafiəçisi kimi çıxış edən Ruslan Abışov və Adrian Ropotan da əvvəlki mövqelərində qalmışdı. Yarımmüdafiənin cinahları Luis Hilario ilə Nizami Hacıyevə tapşırılmışdısa, hücumda Viktor Mendi tək oynamalı idi.

Meydan sahibləri də qalib gəldikləri ilk oyunlar müqayisədə demək olar ki, dəyişiklik etməmişdi. Start heyətindəki yeganə fərqi Yosip Barışiçin meydanda yer alması idi. O da ilk oyunun 27-ci dəqiqəsində əvəzlədiyi Stipo Markoviçin yerinə mübarizə aparırdı.

Qarşılaşmanın start fiti verilən kimi Bosniya və Herseqovina təmsilçisi irəli atıldı. Artıq 4-cü dəqiqədə meydan sahibləri qola çox yaxın olsa da, Ağayev “Qəbələ”ni xilas edə bildi. “Qırmızı-qaralar” buna Hacıyevin zərbəsi ilə cavab verdi. Lakin “Şiroki Briyeq”in üstünlüyü qonaqları daha çox qayda pozuntusuna yol verməyə vadar edirdi. 9-cu dəqiqədə Ropaotan sarı vərəqə aldı. İlk matçda da xəbərdarlıq alan rumıniyalı komandası mərhələ adlayacağı halda oynamayacaqdı.

13-cü dəqiqədə Kristeanın qazandığı cərimə zərbəsini yerinə yetirən Abışov yerli azarkeşləri həyəcanlandırmağa nail oldu. Belə ki, Luis Hilarionun zərbəsi ilə tamamlanan hücumda Bosniya və Herseqovina klubunu qoldan qapıçı xilas etdi.

“Şiroki Briyeq”in buna cavabı isə qolla nəticələndi. Zakariçin ilk zərbəsini Ağayev qaytarsa da, bosniyalı təkrar zərbə ilə hesabı açdı – 1:0. Buraxılan qoldan sonra “Qəbələ” xeyli fəallaşdı. Abışovun yerinə yetirdiyi hər cərimə zərbəsi təhlükə ilə yadda qalırdı. 24-cü dəqiqədə isə Mendinin fərqlənməsinə qapıçı əngəl oldu. 5 dəqiqə sonra Vaqnerin ötürməsini dəqiqə zərbəylə tamamlayan Mariç fərqi 2–yə çatdırdı – 2:0.

Qarşılıqlı hücumlar və xırda follarla davam edən ilk yarının son 15 dəqiqəsində hər iki komanda qol vurmağa yaxın oldu. “Qəbələ”ni Ağayev xilas etdisə, onun komanda yoldaşları hücumda dəqiq olmadı. İlk yarının sonunda Abbasov da sarı vərəqə aldı.

Oyunda dönüş yaratmağa çalışan Muntyanu fasilədən sonra komandanın debütantı Ruslan Əmircanovu meydana buraxdı. Cinah müdafiəçisi Tağızadəni əvəzlədi. 56-cı dəqiqədə Mariç dublunu rəsmiləşdirdi. O, Zakariçin ötürməsindən sonra Ağayevi məyus etdi.

3-cü qoldan sonra ruhlanan meydan sahibləri üstünlüyünü daha da artırdı. Daha çox müdafiə olunan “Qəbələ” avrokuboklarda ilk qolunu vurmaq üçün əks-hücumlara bel bağlasa da, Bosniya və herseqovinalılar buna imkan vermirdi. Qonaqların ikinci hissədə yerinə yetirdiyi künc zərbələrindən sonra rəqib cərimə meydanında gərginlik yaşansa da, bunların heç birində real qol vəziyyəti yaranmadı. Görüşün  sonlarında “qırmızı-qaralar” qol vurmağa yaxın oldu. Ropotanın künc zərbəsindən sonra Mendi əlverişli imkanı qaçırdı.

Bununla da “Qəbələ” cavab oyununda da uduzmaqla Avropa Liqasındakı debüt mövsümündə mübarizəni dayandırdı.

ŞİROKİ BRİYEQ
23. Antonio Soldo
6. Yosip Barişi
21. Slavko Brekalo
27. Neven Laştro
7. Dino Çoriç
(18. Zvonimir Kojul, 78)
8. Mate Pehar
(10. Yure İvankoviç, 60)
11. Qoran Zakariç
14. Davor Landeka
15. Vagner (k)
19. İvan Peko
(16. Yosip Çorluka, 34)
9. Mirko Mariç.
Ehtiyat oyunçular:
12. Luka Bilobrk
4. Daniyel Kojul
17. Vlado Zadro
28. Filip Mihalyeviç.
Baş məşqçi: Slaven Musa.

QƏBƏLƏ
1. Kamran Ağayev (k)
6. Vladimir Levin
(5. Sadiq Quliyev, 83)
15. Ruslan Abışov
16. Ruslan Tağızadə
(7. Ruslan Əmircanov, 46)   
34. Ürfan Abbasov
44. Rafael Santos
8. Nizami Hacıyev
9. Viktor Mendi
25. Adrian Ropotan
10. Luis Hilario
11. Andrey Kristea
(4. Elvin Camalov, 65)
Ehtiyat oyunçular:
30. Anar Nəzirov
2. Kristian Pulhak
3. Şirməhəmməd Məmmədov
36. Elnur Allahverdiyev.
Baş məşqçi: Dorinel Muntyanu.