«Qəbələ» son ev oyunundan xalsız ayrıldı
Xəbərlər / 24 Noyabr 2016 | 22:29540
«Qəbələ» son ev oyunundan xalsız ayrıldı

“Qəbələ” (Azərbaycan) – “Anderlext” (Belçika) - 1:3
UEFA Avropa Liqası. Qrup mərhələsi
C qrupu, V tur
24 noyabr. Saat 20:00. Bakı. “Bakcell Arena” stadionu
Baş hakim: Yevgeni Aranovski (Ukrayna)
Baş hakimin köməkçiləri: Sergey Bekker, Aleksandr Voytyuk (hər ikisi Ukrayna)
Dördüncü hakim: Semyon Şlonçak (Ukrayna)
Əlavə köməkçi hakimlər: Anatoli Abdula, Anatoli Jabçenko (hər ikisi Ukrayna)
Hakim-inspektor: İqor Satkiy (Moldova)
UEFA nümayəndəsi: Maksimas Beçterevas (Litva)
Qollar: Rikardinyo, 15 (pen.) - Yuri Tilemans, 11, Massimo Bruno, 90, Lukaş Teodorçik, 90+4
İstifadə olunmayan penalti: Rikardinyo, 74
Sarı vərəqələr: Rəşad Eyubov, 63, 89 - Emanuel Ace Sova, 28, Leander Dendoker, 42, Frank Buks, 72
Qırmızı vərəqə: Rəşad Eyubov, 89
Artırılan vaxt: I hissədə 0 dəq;, II hissədə 5 dəq. 

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsində V tura start verilib. C qrupunda mübarizə aparan “Qəbələ” öz meydanında “Anderlext”lə qarşılaşıb. İlk 4 matçda xal qazana bilməyən komandamız meydana uğursuz seriyanı qırmaq üçün çıxıb. Cəzalı Roman Qriqorçukun yoxluğunda texniki zonadan komandaya Sənan Qurbanov rəhbərlik edib. Son avrokubok matçı ilə müqayisədə heyətdə də müəyyən dəyişikliklər olub. Fransa “Sent-Etyen”i ilə ev oyununa ilk dəqiqələrdən çıxan Vojislav Stankoviç, Rəşad Sadiqov, Sergey Zenyov, Ruslan Qurbanov və Məhəmməd Mirzəbəyov bu dəfə “11-lik”dən kənarda qalıblar. Əvəzində Nika Kvekveskiri, Asif Məmmədov, Baqali Dabo, Ürfan Abbasov, Rafael Santos start heyətində yer alıblar.
Qələbə iddiasında olan “Qəbələ” hakimin start fiti ilə irəli atılıb. Bir neçə dəqiqə rəqibi təzyiq altında saxlayan komandamız qol imkanı da əldə edib. Lakin Baqali Dabo əlverişli ötürməyə çatmayıb. Belçikalıların hücumu da təhlükəli alınıb. Lakin Dmitri Bezotosnının reaksiyası hesabın açılmasına imkan verməyib. Bu epizoddan sonra da “qırmızı-qaralar” hücumlarını davam etdirib. Qarşılaşmanın 10-cu dəqiqəsində rəqib müdafiəçilərinə çətin anlar yaşadan komandamız rəqibin əks-hücumu qarşısında aciz qalıb. Yuri Tilemans hesabı açıb – 0:1. O, Dieqo Kapelin ötürməsini qola çevirib. Buraxılan qoldan sonra ruhdan düşməyən “Qəbələ” hesabda tarazlıq yaratmaq üçün daha böyük qüvvə ilə rəqib qapısına həmlələr təşkil edib. Bu hücumların biri penalti ilə nəticələnib. Asif Məmmədova qarşı qayda pozuntusuna görə təyin olunan zərbəni Rikardinyo dəqiq yerinə yetirib – 1:1. Bu, onun “Qəbələ”nin heyətində ilk avrokubok qolu olub. Ümumilikdə isə braziliyalı klubumuzda 2-ci dəfə fərqlənib. Hesabı bərabərləşdirəndən sonra “qırmızı-qaralar” təşəbbüsü əldən verməyib. Rəqib qapısına yol axtaran futbolçularımız qonaqların müdafiə səddini yarmaqda çətinlik çəkib. Düzdür, Brüssel klubunun arxa xətti bir neçə dəfə boşluqlar buraxıb. Amma komandamız bu imkanlardan yararlana bilməyib. Ümumilikdə üstünlük komandamızda olsa da, belçikalılar qapı istiqamətində daha çox zərbə endirib. 
Fasilədən sonra da oyunun ssenarisi dəyişməyib. İlk yarıda olduğu kimi “Qəbələ” topa daha çox nəzarət edib. Amma hissə “qırmızı-qaralar” üçün uğursuz başlayıb. Komandamızın əsas qol silahı Baqali Dabo zədələndiyi üçün əvəzlənib. Buna baxmayaraq, “Qəbələ” rəqib qapısına həmlələri davam etdirib. Nika Kvekveskirinin sağ cinahdan qapıya paralel ötürməsində isə bəxt qonaqların tərəfində olub. Belə ki, top qapı istiqamətində hərəkət edən Rəşad Eyubova toxunaraq, tirin üstündən keçib. Az sonra “Anderlext”in cərimə zərbəsi təhlükəli alınsa da, Bezotosnı zərbəni dəf edib. Meydana sonradan daxil olan Ruslan Qurbanov 73-cü dəqiqədə qapıçı ilə üz-üzə qalıb. Ona qarşı qayda pozuntusu penalti ilə nəticələnib. Brüssel təmsilçisinin hakimə etirazlarına baxmayaraq təyin olunan zərbə isə iki dəfə yerinə yetirilib. Rikardinyo ilk cəhddə qapını dəqiq nişan alıb. Lakin ukraynalı referi zərbənin təkrar yerinə yetirilməsini tələb edib ki, bu dəfə braziliyalı çərçivəyə düşməyib. C qrupunun lideri olan “Anderlext” Bakıya xal itirmək üçün gəlmədiyini qarşılaşmanın sonundakı fəallığı ilə nümayiş etdirib. Oyun boyu təşəbbüsü rəqibə verib, kəskin əks-hücumları ilə diqqət çəkən belçikalılar görüşün son 10-12 dəqiqəsini meydanda diqtə edən tərəf olub. 89-cu dəqiqədə qayda pozuntusuna görə ikinci sarı vərəqəni alan Eyubov komandamızı azlıqda qoyub. Təyin olunan cərimə zərbəsi meydana sonradan daxil olan Brunonun yaxın məsafədən qapını nişan alması ilə nəticələnib. Onun yaxın küncə göndərdiyi top qarşısıalınmaz olub – 1:2. Uzatma dəqiqələrində də qol axtarışında olan brüssellilər daha bir top vura bilib. Uzaq dirəyin yanına ötürməni Lukaş Teodorçik tamamlayıb. O, qrupdakı 5-ci oyunda 5-ci qolunu vurub.
Beləliklə, qrupdakı son ev oyununu keçirən “Qəbələ” meydanı xalsız tərk edib – 1:3.

“Qəbələ”
22. Dmitri Bezotosnı (k)
7. Nika Kvekveskiri
11. Asif Məmmədov
15. Vitali Vernidub
18. Baqali Dabo
(10. Ruslan Qurbanov, 52)
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
32. Rəşad Eyyubov
34. Ürfan Abbasov
44. Rafael Santos

Ehtiyat oyunçular: 
33. David Pietrzkeviç
3. Voislav Stankoviç
6. Rəşad Sadiqov
17. Məhəmməd Mirzəbəyov
30. Petar Franyiç
88. Tellur Mütəllimov

Məşqçi: Sənan Qurbanov

“Anderlext”
23. Frank Buks
5. Uroş Spayiç
14. Bram Neytink
17. Dieqo Kapel
(10. Massimo Bruno, 60)
18. Frank Aşamponq
(22. İdrissa Dumbia, 90+4)
31. Yuri Tilemans (k)
32. Leander Dendoker
37. İvan Obradoviç
41. Emanuel Ace Sova
72. Nikolae Stançu
(94. Sofin Anni, 70) 
91. Lukaş Teodorçik

Ehtiyat oyunçular: 
1. Deyvi Ruf
8. Stefen Badci
9. Hamdi Harbaui
40. Vut Fas
94. Sofin Hanni

Baş məşqçi: Rene Veyler

 

1

“Anderlext” (Belçika)

5

3

2

0

14-5

11

2

“Sent-Etyen” (Fransa)

4

2

2

0

5-3

8

3

“Maynts” (Almaniya)

4

1

2

1

6-10

5

4

“Qəbələ” (Azərbaycan)

5

0

0

5

5-12

0