“Qəbələ” stadionunda yeni təyinat gerçəkləşib. Yanvar ayından ingiltərəli Mət Frost təbii ot örtükləri üzrə baş mütəxəssis vəzifəsində fəaliyyətə başlayıb. O, bu postda “Qəbələ”də təbii örtüklü meydançaların istifadəyə verilməsində və daim hazır vəziyyətdə saxlanmasında böyük rolu olan Filip Şarplesi əvəzləyib.
Uzun müddətdir bu sahədə fəaliyyət göstərən Frost dünyanın müxtəlif bölgələrində gördüyü işlərlə yadda qalıb. Frostun çalışdığı stadionlar arasında İngiltərənin “Uembli”, Rusiyanın “Lujniki”, Çinin “Pekin Olimpiya”, Yunanıstanın “Olimpiya” kimi məşhur arenaları yer alıb.
Qəbələ haqqında təəssüratlarını gabalafc.az ilə bölüşən Frost hazırda işlərin plana uyğun getdiyini bildirdi: “Qəbələ gözəl və maraqlı təbiətə malikdi. Dünyanın müxtəlif yerlərində işləmişəm. Buranın qışı şimal, yayı isə cünub ölkələrini xatırladır. Ona görə də Qəbələdə ota xüsusi qayğı ilə yanaşmaq lazımdır. İşlərimiz plan üzrə gedir. Hazırdı istifadədə 4 təbii meydançamız var. Akademiya üçün nəzərdə tutulan təbii örtüklü meydançada da ot yetişməkdədir. Sözügedən örtüyün yazın sonu – yayın əvvələrinə hazır olması gözlənilir”.
Qəbələ stadionun dünyanın məşhur stadionları ilə müqayisə edən Frost qarşıdakı illərdə Qəbələdə də dünya səviyyəli stadionun olacağını söylədi: “Qəbələ”nin gələcək layihələrindən xəbərdaram. Təcrübəm deməyə əsas verir ki, yaxın gələcəkdə Qəbələdə də yüksək standartlara cavab verən və Avropa arenalarından geri qalmayan stadion olacaq.”