«Qəbələ» - «Sumqayıt» oyununun vaxtı dəyişdirildi
Xəbərlər / 28 Sentyabr 2020 | 17:20279
«Qəbələ» - «Sumqayıt» oyununun vaxtı dəyişdirildi

Azərbaycan Premyer Liqasının V turunun oyunlarının vaxtı dəyişdirilib. Oktyabrın 3-də keçiriləcək “Qəbələ” – “Sumqayıt” matçı saat 17:00-da deyil, 14:00-da başlayacaq.

Bu barədə Peşəkar Futbol Liqası qərar verib. Buna səbəb 28 sentyabr 2020-ci il, saat 00:00-dan etibarən Azərbaycanın bəzi şəhər və rayonlarında hərbi vəziyyət elan olunmasıdır. Belə ki, Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan şəhərlərində, Abşeron, Cəbrayıl, Füzuli, Ağcabədi, Beyləqan, Ağdam, Bərdə, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tovuz, Şəmkir, Ağstafa, Qazax rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan səhər saat 06:00-dək komendant saatı tətbiq edilir. Sözügedən ərazilərdə şəxslərin xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçələrdə və digər ictimai yerlərdə olmaları qadağan edilir. Eyni zamanda, xüsusi giriş-çıxış rejimi tətbiq ediləcək və nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bununla əlaqədar olaraq, bütün təşkilati məsələləri nəzərə alan Peşəkar Futbol Liqası Azərbaycan Premyer Liqasının V, Azərbaycan I Divizionunun I turunun oyunlarının başlama saatları ilə bağlı müəyyən dəyişikliklər edir. Bundan başqa, vəziyyətə uyğun olaraq qarşıdakı günlərdə bununla bağlı müvafiq addımlar atıla bilər. 

 

Azərbaycan Premyer Liqası

3 oktyabr (şənbə)

14:00. “Qəbələ” – “Sumqayıt”

Qəbələ şəhər stadionu