«Qəbələ» U-10 Liqasının gümüş mükafatını qazandı - Fotoreportaj
Xəbərlər / 16 May 2016 | 12:12150
«Qəbələ» U-10 Liqasının gümüş mükafatını qazandı - Fotoreportaj

Bu gün U-10 Liqasına yekun vurulub. AFFA-nın təşkilatçılığı ilə keçirilən yarışın final matçında “Qəbələ” və “Neftçi” İK İB qarşılaşıb. “Bayıl Arena”da baş tutan matçda paytaxt təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. Cari mövsümdə keçirdiyi 19 matçda uduzmayan “qırmızı-qaralar” ilk məğlubiyyətini alaraq, gümüş medala yiyələniblər.
Bu, akademiyamızın komandalarının AFFA-nın keçirdiyi liqalarda cari mövsümdə qazandığı 5-ci mükafatdır. U-19, U-16, U-15-lərin yarışlarında çempion olan futbolçularımız U-17-lərin mübarizəsində gümüş medal əldə ediblər.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Tədbirdə “Qəbələ”nin oyunçusu Samir Musayev “Fair Play” mükafatına layiq görülüb. Komandalara və müxtəlif nominasiyalarda ən yaxşı seçilənlərə mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” İK-nın vitse-prezidenti Fariz Nəcəfov, AFFA İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov və Vaqif Sadıqov, AFFA-nın texniki direktoru Bernhard Lippert və "Qəbələ" İK-nın futbol direktoru Toni Adams təqdim ediblər.
Xatırladaq ki, zona yarışlarında 12 oyunun hamısında qələbə qazanan, bu oyunlarda 110 top vurub, 7-ni buraxan “qırmızı-qaralar” pley-offu da uğurla adladıqdan sonra final mərhələsində də məğlubiyyətsiz irəliləyib. 1/8 finalda “Daşqın”ı (3:0, 9:2), 1/4 finalda Sumqayıt İOEUGİM-ini (1:1, 2:2) mübarizədən kənarlaşdıran “Qəbələ” yarımfinalda “Qarabağ”dan üstün olub - 2:1, 2:2.