«Qəbələ» U-14 gümüş medallara sahib oldu - Fotoreportaj
Xəbərlər / 25 May 2012 | 10:32314
«Qəbələ» U-14 gümüş medallara sahib oldu - Fotoreportaj

“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası U-14 Liqasını gümüş medallarla yekunlaşdırıb. İlkin mərhələdə Şimal-Qərb regionunda mübarizə aparan komandamız keçirdiyi 14 oyunun hamısında qələbə qazanıb. Bu etapda rəqib qapılarından 107 top keçirən təmsilçimiz  öz qapısında cəmi 2 qol görüb. İlkin mərhələni uğurla adlayan Hüseynqulu Quliyevin yetirmələri 1/8 final mərhələsində “Sumqayıt”la qarşılaşıb. İki oyunun nəticəsinə görə rəqibini 8:1 hesabilə məğlub edən “Qəbələ” ¼ finala vəsiqə qazanıb. Bu mərhələdə UGİM Yevlaxla münasibətlərinə aydınlıq gətirən komandamız yevlaxlı həmyaşıdlarını meydançaya çıxmağa peşman edib. İki matçda  rəqibini 15 dəfə meydançanın mərkəzinə dəvət edən “Qəbələ” qapısının toxunulmazlığını qoruya bilib. Yarımfinalda isə komandamız “Neftçi” İSM-lə (Siyəzən) qarşılaşıb. Hər iki qarşılaşmada 3:0 hesabilə qalib gələn təmsilçimiz ümumilikdə rəqibin qapısından 6 top keçirib və finalda oynamaq hüququ qazanıb. Final oyununa kimi itkisiz irəliləyən “Qəbələ” qızıl medallar uğrunda matçda “Neftçi” ilə üzləşib. Gərgin mübarizə şəraitində keçən oyun paytaxt təmsilçisinin 1:0-lıq qələbəsi ilə yekunlaşıb. Beləliklə “Qələbə” 2011-2012 mövsümündə U-14 Liqasının ikinci pilləsini tutub və gümüş medallara sahib olub.