“Qəbələ” – “Sent-Etyen” (Fransa) - 1:2
UEFA Avropa Liqası. Qrup mərhələsi
C qrupu, IV tur
3 noyabr. Saat 22:00. Bakı. “Bakcell Arena” stadionu
Baş hakim: Karlos Del Serro (İspaniya)
Baş hakimin köməkçiləri: Xuan Yuste, Roberto Alonso (hər ikisi İspaniya)
Əlavə köməkçi hakimlər: Xuan Martines Munuera, İnaki Vaikandi Qarrido (hər ikisi İspaniya)
Dördüncü hakim: Abraham Alvares Kanton (İspaniya)
Hakim-inspektor: Muharrem Zihni Aksoy (Türkiyə)
UEFA nümayəndəsi: Aristeidis Stavropoulos (Yunanıstan)
Qollar: Ruslan Qurbanov, 39 // Usama Tannan, 45+1, Robert Beriç, 53
Sarı vərəqələr: Ruslan Qurbanov, 33, Məhəmməd Mirzəbəyov, 90+3 // Florentin Poqba, 28
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.
UEFA Avropa Liqasında IV tura start verilib. C qrupunda çıxış edən “Qəbələ” II dövrənin ilk oyununu evdə keçirib. “Qırmızı-qaralar” iki həftə öncə Fransada 0:1 hesabı ilə uduzduğu “Sent-Etyen”i qəbul edib. Komandamız həmin oyunla müqayisədə start heyətində 2 dəyişiklik edib. Kapitan Rəşad Sadiqov və Rəşad Eyubov ilk dəqiqələrdən meydanda olublar. Əvəzində Asif Məmmədovla Ürfan Abbasov “11-lik”dən kənarda qalıblar.
“Qəbələ” oyundan öncə meydana çıxarkən daun sindromundan əziyyət çəkən uşaqlara dəstək nümayiş etdirərək, onlarla birlikdə arenaya daxil olub. Qarşılaşmaya qonaqlar daha fəal başlayıb. Meydanın mərkəzi uğrunda mübarizədə qalib gələn Fransa klubu üstünlüyə yiyələnib. Artıq ilk dəqiqədə yaxın məsafədən qapını nişan alan Kevin Mone Pakenin qol sevinci yaşamasına Dmitri Bezotosnı mane olub. 4 dəqiqə sonra yenə oyuna daxil olan ukraynalı qolkiper Usama Tannanın güclü zərbəsini də dəf edib. İlk 15 dəqiqədə təzyiqi davam etdirən “Sent-Etyen” Henri Sevenin qeyri-dəqiq zərbəsi ilə də diqqət çəkib. Bundan sonra oyunda tarazlıq yaratmağa müvəffəq olan “Qəbələ” rəqibin cərimə meydanı önündə təhlükələr yaratmağa başlayıb. Soldan cərimə meydanına daxil olub, qapı önünə ötürmə verən Rikardinyonun göndərdiyi topu Sergey Zenyov qapıya göndərmək imkanı qazanıb. Lakin estoniyalı topa toxuna bilməyib. Hissənin ikinci yarısında üstünlüyə də yiyələnən komandamız daha bir neçə imkan əldə edib. Bunların birində qapıçı ilə üz-üzə qalmağa yaxın olan Zenyovu dayandıran Florentin Poqba sarı vərəqə ilə də cəzalanıb. Az sonra Sergey Filip Ozobiçin ötürməsini başla tamamlamağa yaxın olsa da, ona dəqiqlik çatmayıb. Eyubovun təxminən 36 metrdən yerinə yetirdiyi cərimə zərbəsi qolla nəticələnib. Onun zərbəsini qolkiper dəf etsə də, cərimə meydanındakı qarışıqlıqda ardıcıl topu qapıya göndərmək cəhdləri qolla nəticələnib. Tirdən dönən topa Ruslan Qurbanov dəqiq baş zərbəsi endirib. Bu cari mövsüm bütün ev oyunlarında qol vuran “Qəbələ”nin avrokuboklarda 30-cu topu olub. Lakin komandamız üstünlüyü qoruya bilməyib. İlk yarıya artırılan vaxtda Usama Tannanın cərimə zərbəsi zamanı Bezotosnının səhvi qola səbəb olub – 1:1. Bu qoladək isə baş hakim “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuku texniki zonadan kənarlaşdırıb.
İkinci hissəyə daha fəal başlayan qonaqların hücumları bəhrəsini verib. Sevenin ötürməsindən sonra qarşısında iki müdafiəçi olan Robert Beriç 18 metrdən qapının küncünü dəqiq nişan alıb – 1:2. Buraxılan qoldan sonra fəallığı artıran “Qəbələ” rəqib qapısına ardıcıl hücumlar təşkil edib. Rikardinyonun baş zərbəsi zamanı hesabın bərabərləşməsinə bəxtsizlik mane olub. Arxaya çəkilən “Sent-Etyen” etibarlı müdafiə olunub, sürətli əks-hücumlarda fərqi artırmağa çalışıb. Lakin Bezotosnının buraxılan qoldan sonra ciddi işi olmayıb. “Qəbələ” isə oyunun sonunadək bir neçə dəfə fransalılara gərginlik yaşadıb. Ozobiçin ifasında bir neçə epizod yaddaqalan olub. Meydana sonradan daxil olan futbolçuların hesabına hücum xəttini daha da gücləndirən “qırmızı-qaralar” final fitinə 10 dəqiqə qalmış da qola yaxın olub. Lakin cərimə meydanındakı qarışıqlıqda endirilən ardıcıl zərbələrdə dəqiqlik çatmayıb. Matçın sonunadək rəqib qapısına yol axtaran komandamız bərabərlik qolunu vura bilməyib.
Beləliklə, hesabı açan “Qəbələ” üstünlüyünü qoruya bilməyərək, 1:2 hesabı ilə məğlub olub və 1/16 final şanslarını itirib. Buna qrupun digər oyununun heç-heçə bitməməsi səbəb olub. “Maynts”la görüşdə 6:1 hesablı qələbə qazanan “Anderlext” “Sent-Etyen” kimi xal hesabını 8-ə çatdırıb.
“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Vojislav Stankoviç
6. Rəşad Sadiqov (k)
(7. Nika Kvekveskiri, 84)
9. Sergey Zenyov
(11. Asif Məmmədov, 61)
10. Ruslan Qurbanov
15. Vitali Vernidub
17. Məhəmməd Mirzəbəyov
19. Filip Ozobiç
20. Rikardinyo
27. Teo Uiks
32. Rəşad Eyubov
(30. Petar Franyiç, 65)
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
4. Elvin Camalov
13. Murad Musayev
34. Ürfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
“Sent-Etyen”
16. Stefan Rufye
10. Usama Tannan
(9. Nolan Ru, 84)
11. Henri Seve
(5. Vinsent Pajo, 74)
12. Şeyx Mbenge
14. Cordan Veretu
17. Ole Kristian Selanyes
19. Florentin Poqba
22. Kevin Mone Pake
24. Loik Perren (k)
25. Kevin Malkui
27. Robert Beriç
(23. Aleksandr Soderlund, 62)
Ehtiyat oyunçular:
30. Cessi Mulin
2. Kevin Teofil Katrin
4. Leo Lakro
35. Arnaud Nordin
Baş məşqçi: Kristof Qaltye
1. | Anderlext (Belçika) | 4 | 2 | 2 | 0 | 11-4 | 8 |
2. | Sent-Etyen (Fransa) | 4 | 2 | 2 | 0 | 5-3 | 8 |
3. | Maynts (Almaniya) | 4 | 1 | 2 | 1 | 6-10 | 5 |
4. | Qəbələ (Azərbaycan) | 4 | 0 | 0 | 4 | 4-9 | 0 |