Bu gün "Qəbələ" Avstriyada keçirdiyi son oyunla adıçəkilən ölkədə təşkil olunan təlim-məşq toplanışını tamamlayıb. Yekun sınaq matçında "qırmızı-qaralar" Sloveniya təmsilçisi "Smartno" ilə qarşılaşıb. "Qəbələ" rəqibinə qarşı aşağıdakı heyətlə mübarizə aparıb:
David Pietrzkeviç, Omar Kalabane, Vladimir Levin (Deyan Kelhar), Urfan Abbasov, Rail Məlikov, Nizami Hacıyev (Amit Quluzadə), İbrahima Niasse, Lorenzo Ebesilio Tərzin Cahangirov), Leonarda Da Silva (Assis), Yannik Kamanan (Afolabi), Daniyel Subotiç (Viktor Mendi).
Matç "Qəbələ"nin sürətli hücumları ilə start götürüb. Xüsusilə sol cinahda Leonardo Da Silva ilk dəqiqələrdən sürətli keçidlərlə və asmalarla qapı önündə təhlükəli epizodlar yaradıb. Rəqib isə matç boyunca kobudluq və sarı kartlarla yadda qalıb. Qarşılaşmada hesab 27-ci dəqiqədə açılıb. Subotiçin dəqiq ötürməsini Leonardo effektiv zərbə ilə tamamlayıb - 1:0. Sloveniya təmsilçisi bu qolun cavabını 40-cı dəqiqədə verib və ilk yarı 1:1 hesabilə yekunlaşıb.
İkinci hissə də eyni ssenari ilə davam edib. "Qəbələ" hücum etməklə, rəqib isə kobudluqlarla yadda qalıb. Buna baxmayaraq "qırmızı-qaralar" qələbə qolunu vurmağı bacarıblar. Leonardonun cərimə meydançası daxilində kobudluqla dayandırılması penalti ilə nəticələnib. Topa yaxınlaşan zərərçəkmiş qapıçıya şans verməyib - 2:1.
Beləliklə, "Qəbələ" Avstriyada keçirdiyi üçüncü - sonuncu matçdan da qələbə ilə ayrılıb. Sözügedən qarşılaşmaya qədər Yuri Syominin yetirmələri "Gənclərbirliyi"ni (Türkiyə) 3:1, "Zalegerszeg"i (Macarıstan) 3:0 hesabilə məğlub etmişdi.
"Qəbələ" səhər saatlarında vətənə dönəcək.