Antalyanın Bələk bölgəsində hazırlıqlarını tamamlayan “Qəbələ” dünən Türkiyədə sonuncu yoxlama oyununu keçirib. Təmsilçimiz Xorvatiyanın RNK “Split” klubu ilə qarşılaşıb. Komandalar meydançaya aşağıdakı heyətlərlə çıxıblar:
“Qəbələ”: Pavel Doroşev , Daniel Kruz , Lyubo Baranin, Stiv Olfers (Sergey Sokolov), Mahir Şükürov, Bruno da Silva (Yaşar Abuzərov) , Aleksandr Çertoqanov (Elmar Baxşıyev), Tərzin Cahangirov (Veselko Trivinoviç), Luis Hilario Dodo (Ürfan Abbasov), Viktor Mendi , Yannik Kamanan.
RNK “Split”: Andriya Vukoviç, Filip Marçiç, Mirko Hrqoviç, İvitsa Krijanaç, Velimir Vidiç, Lovro Şindik, Ante Vitaiç, Ante Ertseq, Marko Teşiya, Duye Çop, Yosip Qolubar.
Oyunda ilk öncə xorvatlar qol vurmağa yaxın oldu. Ancaq təhlükəli alınsa da, onların baş zərbəsində dəqiqlik çatmadı. Bundan bir qədər sonra Çertoqanov cərimə zərbəsindən gözəl qola imza atdı. Bununla belə, “Split” Mirko Hrqoviçin cərimə zərbəsi ilə buna cavab verdi. İkinci yarının əvvəlində isə oyuna Veselko Trivunoviçlə Sergey Sokolov daxil oldu. Oyunun gedişatında həmçinin Ürfan Abbasov, Elmar Baxşiyev və Yaşar Abuzərov da meydanda göründü. İkinci 45 dəqiqədəki qollar da standard vəziyyətlərdən vuruldu. Əvvəlcə kapitan Mahir Şükürovun künc zərbəsindən sonra Daniel Kruz topu Baraninə ötürdü. Serbiyalı əlverişli vəziyyəti boşa vermədi. Bununla belə, qarşılaşmanın sonlarına doğru Hrqoviç dublunu rəsmiləşdirərək tarazlığı yenidən bərpa etdi. Bosniya və Herseqovina yığmasının sabiq futbolçusu cərimə zərbəsindən fərqləndi.
Sonda tərəflərin razılığı ilə penalti vuruşlarına müraciət edildi. Bu mərhələdə daha dəqiq olan “Qəbələ” rəqibini üstələdi – 4: 3.
Beləliklə “Qəbələ” Antalyada toplanış müddətində keçirdiyi 5 oyunda 3 qələbə qazandı.