“Qəbələ” Topaz Premyer Liqasının III turunda - avqustun 19-da “Sumqayıt”la qarşılaşacaq. Bu matç komandalar arasında 5-ci qarşılaşma olacaq. “Gənclik şəhəri” təmsilçisi “qırmızı-qaralar” üçün ən uğurlu rəqiblərdən sayılır. Belə ki, “Qəbələ” bu rəqiblə əvvəlki oyunların hamısında istisnasız qələbələr qazanıb.
Sözügedən matçların hamısı çempionata təsadüf edib. Həm 2011/12, həm də 2012/13 mövsümünün təsnifat mərhələsində komandalar 2 dəfə üz-üzə gəlib. Heç vaxt kubokda üz-üzə gəlməyən rəqiblərin bütün görüşlərində 3 xalı “Qəbələ” əldə edib.
Maraqlıdır ki, 4 oyunda 4 müxtəlif hesab qeydə alınsa da, qalib dəyişməyib. Müxtəlif hesablı qələbələr qazanan “qırmızı-qaralar” bu matçlarda 10 top vurub və 3-nü buraxıb. Bu qarşılaşmaların birində qəbələlilər böyük hesabla da qalib gəlib.
3-cü dəfə “Sumqayıt”ın qonağı olacaq “Qəbələ” səfər oyunlarında minimal fərqlə qalib gəlir. 2 il əvvəl 2:1 hesabına sevinən qonaqlar ötən il 1 qolla 3 xal əldə etmişdi.
2011/12 | 14.08.2011 | Premyer Liqa | Sumqayıt Şəhər - Qəbələ | 1:2 |
2011/12 | 04.12.2011 | Premyer Liqa | Qəbələ - Siumqayıt Şəhər | 3:1 |
2012/13 | 26.08.2012 | Premyer Liqa | Qəbələ - Sumqayıt | 4:1 |
2012/13 | 08.12.2012 | Premyer Liqa | Sumqayıt - Qəbələ | 0:1 |