2011-ci ilin yayında “Qəbələ”yə transfer olunan Luis Paulo Hillario “qırmızı-qaralar”ın əsas heyət üzvüdür. Təsadüfi deyil ki, “Dodo” ləqəbli braziliyalı futbolçu ötən mövsümdə 31 oyunda 9 qol vurub. Bu il yenə də sabit çıxışı ilə diqqət çəkən Dodo müsahibəsində “Qəbələ”nin hazırkı durumunu dəyərləndirib.
“Mourinyonun rəhbərliyi ilə çıxış etsəm də, bu fikirdə qalacağam”
- “Qəbələ”də ikinci mövsümünü keçirirsən. Komandanın son durumunu necə dəyərləndirirsən?
- Komandada vəziyyət yaxşıdır. İndi turnir cədvəlinin zirvəsinə yaxın mövqedə qərarlaşmışıq. Məşqçi və futbolçu heyətinin məqsədi avrokuboklara yollanmaqdırsa, rəqiblərimizi gözdən qoymamalı, üst pillələrdə gedən klublarla minimum xal fərqini saxlamalıyıq.
- İndiyədək bir çox baş məşqçi görmüsən. Ümumilikdə, baş məşqçi amili hər hansı bir formada sənin oyununa təsir edirmi?
- Məşqçiləri müqayisə etmək istəməzdim. Çünki məşqçiyə yox, özümə, ailəmə, “Qəbələ”yə görə oynayıram. “Barselona”dan da məşqçi gəlsə, lap Joze Mourinyonun rəhbərliyi ilə çıxış etsəm belə, bu fikirdə qalacağam. Sadəcə, mən məşqçilərə hörmətlə yanaşıram. Hər məşqçi komandaya yeniliklər gətirir. Biz də bu yeniliklərlə ayaqlaşır, öyrənməyə çalışırıq. İşimizə bu formada davam edirik. Dediyim kimi, məşqçilərin hamısı mənim üçün eynidir.
Dəyişikliyə gəlincə, bu, daha çox fiziki hazırlıqla bağlıdır. Futbolçuların fiziki hazırlığı yüksəlib. Eyni zamanda, nizam-intizam da yaxşılaşıb.
“Mən texnikalı, sürətli və güclü futbolçuyam”
- Cari mövsümdə cəza ucbatından cəmi 1 dəfə meydançaya çıxa bilməmisən və bu, Premyer Liqanın XV turunda “Bakı” ilə oyuna təsadüf edib. Həmin matçda Rəşad Abdullayev də çıxış etmirdi. Demək olarmı ki, komanda məhz siz olmadığınıza görə, “Bakı”ya uduzdu?
- Düşünmürəm ki, Rəşadla mənim olmamağım nəticəyə təsir göstərdi. Çünki “Qəbələ”də yaxşı futbolçular kifayət qədərdir. “Bakı” ilə görüşü kənardan izləmək çətin idi. Təəssüf ki, bu matçda məğlubiyyətlə üzləşdik. Meydançada olmaq, komanda yoldaşlarıma kömək etmək istəyirdim.
- Oyun ərzində tez-tez yıxılırsan. Bu, rəqib müdafiəçilərin sənə qarşı kobudluğundan irəli gəlir, yoxsa...?
- Hesab edirəm ki, mən texnikalı, sürətli və güclü futbolçuyam. Ona görə də top məndə olanda, irəliləməyi xoşlayıram. Belə epizodlarda isə rəqib futbolçular qarşımı kobudluqla alırlar. Yəni, özüm bilərəkdən yıxılmıram. Sadə futbol oynamağı xoşlayıram, amma kontakta girməkdən də çəkinmirəm. Meydançada qarşıma lap Stiven Cerrard da çıxsa, onu aldadıb keçməyə çalışaram.
- Ötən mövsüm “Qəbələ”də Dodo-Kamanan-Mendi üçlüyü məşhur idi. Bu il isə start heyətdə Mendinin əvəzinə daha çox Rəşad Abdullayev yer alır. Sənə hansı futbolçularla anlaşmaq asandır: Kamanan və Rəşadla, yoxsa Kamanan və Mendi ilə?
- Mən mərkəzdə çıxış edirəm. Bu mövqeyi çox sevirəm. Yannik Kamanan, Rəşad Abdullayev və ya Viktor Mendinin ilk “11-lik”də mübarizəyə qoşulub-qoşulmamasının mənim üçün prinsipial fərqi yoxdur. Bu futbolçulardan hansının xidmətindən yararlanmağa məşqçi qərar verir. Hər halda, məqsədim dəyişmir, bütün matçlarda komandamın uğurunda pay sahibi olmağa çalışıram.
- “Qəbələ”də oynadığın dövrdə Azərbaycanın və ya digər ölkələrin klublarından təklif almısanmı?
- Bəli. Dörd klubdan təklif almışam. Bunlardan biri yerli olmaqla, digər üçü Rusiya, Braziliya və Çin klubları idi. Ancaq “Qəbələ”də özümü xoşbəxt hiss edirəm. Bu səbəbdən təkliflərin hamısına mənfi cavab vermişəm. “Qəbələ” rəhbərliyi klubda qalmağımı istəməsə, yalnız o halda burdan ayrıla bilərəm.
- “Qəbələ”də səni razı salan hansı cəhətlərdir?
- Məni bura kluba olan sevgim bağlayır. Bundan başqa, “Qəbələ” ilə müqaviləmin maddi tərəfi də məni razı salır. “Qəbələ”də oynayıb, pul qazanıram və ailəmə kömək edirəm.
“Azərbaycan yığmasında oynamaq istəyərdim”
- Bir müddət əvvəl sənin Azərbaycan milli komandasında oynayacağın barədə də xəbərlər gəzirdi. Yığmamızda çıxış etmək istərdinmi?
- İlk dəfə “Qəbələ”nin baş meneceri Zaur Əzizovla görüşəndə, məşqçim ona dedi ki, Dodo Azərbaycanda ən yaxşı futbolçu olacaq. Baş menecerimiz isə yarızarafat, yarıciddi bu fikirlə razılaşmadı. Bu zaman mən söhbətə müdaxilə etdim. Zaurdan soruşdum ki, Azərbaycan çempionatında 9-10 qol vurub ən yaxşı futbolçu olsam, məni milli komandaya dəvət edərlər? O da cavabında dedi ki, bu mümkündür. Doğrudan da, Azərbaycan yığmasının formasını geyinmək istərdim. Belə bir təklif gəlsə, dəyərləndirməyə hazıram.
- Azərbaycan çempionatında ən yaddaqalan qolun hansıdır?
- Həmin qolu “Qəbələ”nin heyətində keçirdiyim elə ilk oyunda vurmuşam. Həmin vaxt “Sumqayıt”la oynadıq və 2:1 hesabı ilə qalib gəldik. Qollardan birini mən, digərini Daniel Kruz vurdu.
- Premyer Liqada hansı komandanın müdafiəsini yarmaq sənə çətindir?
- Belə bir komanda yoxdur. İstənilən klubla oyunda özümü rahat hiss edirəm, topla yaxşı davranıram və hücumların təşkilində fəal iştirak edirəm.
- Ölkəmizdə oynayan digər braziliyalı futbolçularla dostluq münasibətin varmı?
- Sözsüz ki, “Qəbələ”nin braziliyalıları ilə əlaqələrim yaxşıdır. Lakin digər klublardakı yerlilərimlə sıx ünsiyyətim yoxdur. Əvvəllər “Neftçi”nin müdafiəçisi Alessandro Viana da Silva ilə tez-tez görüşürdük. Artıq o, Braziliyaya qayıdıb. İndi “Neftçi”dən Flavinyo ilə münasibətim var. Amma onunla da Bakıya hər səfərimdə görüşmək imkanım olmur.
- Azərbaycanda tək yaşamaq sənin üçün darıxdırıcı deyil ki?
- Yox. Uşaqlıqdan təkliyə alışmışam. Oynadığım bütün ölkələrdə, şəhərlərdə tək yaşamışam. Təbii ki, ailəm yanımda olsaydı, daha yaxşı olardı.
- “Qəbələ”nin potensialı barədə nə düşünürsən? Komandanın Premyer Liqada tutduğu mövqe səni qane edirmi?
- Komandamızın potensialı böyükdür. Uğur qazanmaq üçün zamana ehtiyac var. Futbolçular nə qədər uzun müddət bir yerdə çıxış edərsə, bu, yaxşı kollektivin formalaşmasına, uğurlu nəticələr qazanılmasına şərait yaradar. Məsələn, “Qarabağ” klubunun son illərdə həm daxili, həm də Avropamiqyaslı yarışlarda göstərdiyi inamlı oyun bununla əlaqədardır. “Qəbələ”də də heyət qorunub saxlanılsa və gücləndirilsə, yüksək nəticələr əldə olunacaq.
- “Qəbələ”də ən böyük arzun nədir?
- İstəyirəm “Qəbələ” çempion tituluna sahib çıxsın və avrokuboklarda iştirak hüququ qazansın. Beynəlxalq miqyasda keçirəcəyimiz oyunların televiziya vasitəsilə yayımlanması və azarkeşlərimizin bu matçları izləməsini çox arzulayıram. Ailə üzvlərimlə, yaxınlarımla hər dəfə danışanda da bu arzumu dilə gətirirəm.
“Qəbələ FK”qəzeti