AFFA-nın təşkilatçılığı ilə AFFA, PFL və Premyer Liqa klublarının əməkdaşları arasında “Zəfər” kuboku turniri keçirilib. Ölkəmizin şanlı qələbəsi ilə yekunlaşmış 44 günlük Vətən müharibəsinə həsr olunmuş, həmrəylik devizi ilə keçirilən təşkil olunan turnirdə “Qəbələ” də qüvvəsini sınayıb. “Qırmızı-qaralar” ilk oyun günündə keçirilən 1/4 finalda "Neftçi" ilə qarşılaşıb. Komandamız 6:1 hesabı ilə qalib gəlib. Bu gün baş tutan yarımfinal görüşündə “Qəbələ”nin rəqibi “Sabah” olub. “Qırmızı-qaralar” paytaxt təmsilçisini 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. Vətən müharibəsi iştirakçısı Kamal Umudlunun idarə etdiyi final qarşılaşmada “Qəbələ” “Səbail”lə üz-üzə gəlib. Əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan görüşün taleyi penaltilər seriyasında müəyyənləşib. Zərbələri daha dəqiq yerinə yetirən “Səbail” “Zəfər kuboku” turnirinin qalibi olub, “Qəbələ” 2-ci yeri tutub.