Topaz Premyer Liqasının XXV turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu gün növbəti hazırlığını keçib. “Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandamızın qələbəsində pay sahibi olanlar isə dünən bərpaedici məşqlə kifayətlənib, bu gün isə fiziki hazırlıq keçib. “Qəbələ”nin oyunöncəsi son məşqi sabah baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. Komandamızın məşqi tam heyətlə keçəcək.
Xatırladaq ki, martın 13-də baş tutacaq “Qəbələ” – “Zirə” qarşılaşmasının start fiti saat 15:00-da veriləcək.
XXV tur
13 mart
15:00. “Qəbələ” – “Zirə”
Hakimlər: Fariz Yusifov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu