«Qəbələ» Zirədən qələbə ilə dönür
Xəbərlər / 2 Mart 2016 | 16:37164
«Qəbələ» Zirədən qələbə ilə dönür

“Zirə” - “Qəbələ” – 1:2
Azərbaycan Kuboku, 1/4 final mərhələsinin ilk oyunu
02 mart 2016. Saat 18:00. Zirə İdman Kompleksinin stadionu, 630 tamaşaçı
Baş hakim: Rəhim Həsənov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Knyaz Əmiraslanov
Dördüncü hakim: Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Şahin Cəfərov
Sarı vərəqələr: Vüqar Mustafayev, 84 (qeyri-idman hərəkəti) // Sergey Zenyov, 32 (hakim qərarına etiraz)
Qollar: Nelson Bonilla, 77 // Aleksey Qay, 75; Dodo, 84
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 4 dəq.
Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları keçirilir. İlk qarşılaşmasını səfərdə keçirən “Qəbələ” “Zirə” ilə qarşılaşıb. Roman Qriqorçuk 4 gün öncə keçirilən Topaz Premyer Liqasının “Xəzər Lənkəran”la matçı ilə müqayisədə start heyətində iki dəyişiklik edib. Zədədən sonra meydana qayıdan Dodo və Ruslan Abışov ilk “11-lik”də yer alıb. Əvəzində Vojislav Stankoviçlə Rəşad Eyubov ehtiyatda qalıb.
Son 4 qarşılaşmada qol buraxmayan “qırmızı-qaralar” oyunun ilk dəqiqələrindən üstünlüyü ələ alıb. Topa nəzarət edən “Qəbələ” rəqib qapısı önündə real qol vəziyyəti yaratmaqda çətinlik çəkib. Belə ki, daha çox əks-hücumlara bel bağlayan meydan sahiblərinin müdafiə səddi ilk yarıda keçilməz olub. Düzdür, 10-cu dəqiqədə Aleksey Qayın zərbəsi təhlükəli alınıb. Lakin rəqib qolkiper zərbəni zərərsizləşdirib. Hissənin ortalarında cərimə meydanı daxilində topa yiyələnən Ermin Zetsin dönərək endirdiyi zərbə isə çərçivəyə düşməyib. Fasiləyədək hücumlarına ara verməyən komandamızın həmlələrindən biri zamanı Qay cərimə meydanında yıxılsa da, qayda pozuntusu qeydə alınmayıb.
İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Daha fəal olan futbolçularımız üstün futbol nümayiş etdirib. Bunun nəticəsində hissənin əvvəlində komandamız iki qol imkanı əldə edib. Cərimə meydanında ötürmə alan Ermin Zets qapıçı meydanının küncü yaxınlığından zərbə endirsə də, hesabı aça bilməyib. Az sonra bosniyalının ötürməsindən sonra əlverişli mövqeyə çıxan Dodonun zərbəsini qapıçı dəf edib. Üstünlüyün hesabda əksini tapmaması Qriqorçuku oyunçu dəyişikliyinə əl atmağa vadar edib. Zetsin Eyubovla əvəzlənməsindən sonra Sergey Zenyov ön xətdə yer alıb. Az keçməmiş “Qəbələ” hesabı açıb. Künc zərbəsindən sonra Rəşad Sadiqovun uzaqdan qapı istiqamətində ünvanlandığı top müdafiəçilərdən dönüb, Arif Daşdəmirova düşüb. Müdafiəçinin qapı önünə asmasından sonra topu Rafael Santos başla boş mövqedə olan Qaya ötürüb. Aleksey əlverişli imkanı qaçırmayıb – 1:0. Lakin iki dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yaradıb. Nicat Qurbanovun ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Nelson Bonilla fərqlənib – 1:1. Qısa müddətə üstünlük meydan sahiblərinə keçsə də, ukraynalı mütəxəssisin növbəti əvəzetməsinin ardından qol vurulub. Oyuna daxil olan Stankoviçin künc zərbəsindən sonra Zenyovun başla qapıya göndərdiyi top müdafiəçiyə toxunaraq Dodoya istiqamətlənib. Komandamızın kapitanı isə zədədən sonra meydana dönüşünü baş zərbəsindən vurduğu qələbə qolu ilə qeyd edib – 2:1. Bu qoldan sonra hər iki komada hücumlar təşkil etsə də, hesab dəyişməyib.
Xatırladaq ki, “Qəbələ” və “Zirə” arasında 1/4 final mərhələsinin cavab oyunu martın 9-da keçiriləcək.
“Zirə”
85. Kamal Bayramov
2. Çimezi Mbah
39. Sadiq Quliyev
13. Aleksandr Şemonayev (k)
5. Adil Nağıyev
11. Viktor İqbekoyi
(6.Vüqar Mustafayev, 68)
8. Tərzin Cahangirov
19. Nurlan Novruzov
17. Nicat Qurbanov
28. Təmkin Xəlilzadə
(10. İqor İvanoviç, 60)
9. Nelson Bonilla
(90. Vüsal İsgəndərli, 78)
Ehtiyat oyunçular:
12. Şamo Həsənov
27. Rəşad Abdullayev
32. Luiz Alberto Diez
77. Ruslan Poladov
Baş məşqçi: Adil Şükürov

“Qəbələ”
22. Dmitri Bezotosni
4. Elvin Camalov
(97. Roman Hüseynov, 88)
6. Rəşad Sadiqov
7. Ermin Zets
(32. Rəşad Eyubov, 73)
8. Məhəmməd Mirzəbəyov
9. Sergey Zenyov
10. Dodo (k)
19. Aleksey Qay
21. Arif Daşdəmirov
44. Rafael Santos
87. Ruslan Abışov
(3. Voislav Stankoviç, 83)
Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
5. Pavel Paşayev
11. Asif Məmmədov
20. Rikardinyo
Baş məşqçi: Roman Qriqorçuk