Ümumilli lider Heydər Əliyevin adına Beynəxalq Qran-Pri
14-21 avqust 2014-cü il
Qəbələ/Azərbaycan
Avqustun 15-i start götürəcək bu yarış 2014-cü ildə Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planında Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır. Ölkəmizin atıcılıq idman tarixində ilk dəfə olaraq «Qəbələ» İdman Klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş olimpiya atıcılıq növləri üzrə Beynəlxalq Qran-Pri turniri 14-21 avqust tarixlərində Qəbələ şəhərində keçiriləcəkdir.
Yarışda Azərbaycan, Avstraliya, Böyük Britaniya, Belarusiya, Finlandiya, Gürcüstan, Hindistan, İran, İtaliya, Küveyt, Qazaxstan, Qətər, Rusiya və Özbəkistan kimi ölkə təmsilçiləri iştirak edəcəklər.
Ölkəmizi turnirdə Olimpiya çempionu Zemfira Meftahəddinova, «Qəbələ» İdman Klubunun vitse-prezidenti, dəfələrlə Azərbaycan çempionu Elvin İsmayılov, Azərbaycan Atıcılıq Federasiyasının icrayə komitəsinin üzvü, "Qəbələ" Atıcılıq Klubunun texniki meneceri, dəfələrlə Azərbaycan çempionu Emin Cəfərov, dünya kubokunun finalçısı, Azərbaycan rekordçusu, «Qəbələ» Atıcılıq Klubunun nümayəndəsi Nurlana Cəfərova, Xanhüseyn Bağırov, Elçin Babayev və Paşa Əhədpur kimi atıcılıq idmanının tanınmış simaları təmsil edəcəklər .
Ümumilikdə, 150–yə yaxın idmançı dairəvi və səngər stend olimpiya atıcılıq növləri üzrə mübarizə aparacaqlar.
«Qəbələ» İdman Klubunun vitse-prezidenti Elvin İsmayılov yarış haqda bunları deyib:
«Ulu öndər Heydər Əliyevin adını daşıyan yarışın təşkilatçilılığını etmək klubumuz üçün böyük fərəhdir. İl ərzində sözügedən yarışa ciddi hazırlaşmışıq. Ümüdvarıq ki, əməyimiz öz bəhrəsini verəcək və yarışda ölkəmizi layiqincə təmsil edəcəyik».
Xatırladaq ki, yarışın ümumi mükafat fondu – 81 000 ABŞ dollarıdır. Turnir «İdman Azərbaycan» telekanalı vasitəsilə canlı yayımlanacaq.