“Qəbələ” Futbol Klubunda Futbolda Sosial Məsuliyyətin meyarlarından biri olan irqçiliklə mübarizə ilə bağlı mühazirə keçirilib.
Tədbirdə “Qəbələ”nin əsas komandası ilə akademiyanın futbolçu və məşqçi heyəti, həmçinin klubun, stadionun digər əməkdaşları iştirak ediblər.
“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlı tərəfindən keçirilən mühazirə zamanı iştirakçılara dünya futbolunun əsas bəlalarından olan irqçilik barədə ətraflı məlumat verilib. Həmçinin, Avropanın ali futbol qurumu olan UEFA-nın nizamnaməsində yer alan irqçiliklə mübarizə ilə bağlı müvafiq maddələr iştirakçıların diqqətinə çatdırılıb.
Mühazirə zamanı son illərdə Avropa futbolunda baş vermiş irqçi davranışlar və bu buna görə UEFA və yerli futbol federasiyaları tərəfindən tətbiq olunmuş müvafiq cəzalar barədə məlumat verilib. İrqrçiliyin yaratmış olduğu bioloji və psixoloji bərabərsizlik iştirakçıları tərəfindən pislənilib, klubun hər bir üzvü belə bir fərqlilik hallarının yaradılmamasına çağırılıblar.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda digər posterlər arasında yer alan “NO TO RACISM” şüarı cəmiyyətlər arasındakı birliyi və həmrəyliyi yox edən, zülm və istismara səbəb olan irqçiliyin “Qəbələ” İdman Klubu tərəfindən pislənməsinin əyani bir sübutudur.