Qəbələdə möhtəşəm boks gecəsi
Xəbərlər / 15 Dekabr 2013 | 01:46382
Qəbələdə möhtəşəm boks gecəsi

Bu gün Qəbələ Olimpiya İdman Kompleksində möhtəşəm boks gecəsi baş tutub. "Qəbələ" İdman Klubunun təşkilatçılığı ilə IBF, WBCA və WBO versiyaları üzrə kəmər uğrunda və reytinq xarakterli döyüşlər keçirilib.

İlk 3 döyüş reytinq xarakterli olub. Əvvəlcə rinqə +91 kq çəki dərəcəsində Elçin Əhmədov və Latviyanı təmsil edən Yanis Qinter çıxıb. 4 raunddan ibarət olan döyüşdə ilk dəqiqələrdən sona kimi üstün olan təmsilçimiz xal hesabında rəqibindən üstün olub.

İkinci döyüş 72,5 kq çəki dərəcəsində olan idmançılar arasında baş tutub. Rinqə Vüsal Əliyev və albaniyalı Armand Tsullhay çıxıb. 6 raunddan ibarət olan görüş çox gərgin keçib. İdmançımız sonuncu raundda inamlı döyüşü sayəsində yekunda qələbəni qazanan tərəf olub.

Reytinq xarakterli üçüncü görüşdə isə 79,8 kq çəki dərəcəsində mübarizə aparan idmançılar səhnəyə çıxıb. Ölkəmizi təmsil edən Rəşad Kərimovla Kubadan olan Mixel Velozonun qarşılaşması 6 raunddan ibarət olub. Daha fəal döyüşən şimali amerikalı boksçu bu qarşılaşmada qələbə seriyamıza son qoyub.

Daha sonra WBCA-nın Intercontinental titulu uğrunda görüş keçirilib. +91kq çəki dərəcəsində türkiyəli Yaqub Sağlam və ukraynalı Roman Qolovaşçenko bu kəmərə sahib çıxmaq üçün bir-birləri ilə güclərini sınayıblar. 12 raundluq qarşılaşmanın nəticəsində hakimlər qələbəni Ukraynadan olan idmançıya verib.

Nəhayət, sonda qəbələli azarkeşlərin səbirsizliklə gözlədiyi görüş baş tutub. 

WBO – IBF versiyaları üzrə Avropa kəmərləri uğrunda “Qəbələ”nin boksçusu Fariz Məmmədov yerli auditoriyanın alqış sədaları altında səhnəyə daxil olub. 66,8 kq çəki dərəcəsində döyüşən Məmmədovun rəqibi almaniyalı Mattias Pelklə qarşılaşması gərgin alınıb. 12 raunddan ibarət olmalı olan görüş yarımçıq başa çatıb. Belə ki, Fariz 8-ci raundun gedişində döyüşünü yarımçıq saxlamalı olub. 

Beləliklə, Pelk texniki nokaut hesabına qələbə qazanaraq, 2 kəmərə birdən sahib çıxıb.