Qəbələdə qızlar üçün məşq proqramı
Xəbərlər / 27 Dekabr 2011 | 20:001812
Qəbələdə qızlar üçün məşq proqramı

“Qəbələ” Futbol Klubu Futbolun Kütləviləşdirilməsi Departamenti daha bir proqrama imza atıb. Qəbələdə azyaşlılara futbolun tanıdılması və sevdirilməsi istiqamətində böyük işlər görən departament Vəndam kəndində qızlara futbol məşqləri keçməyə başlayıb. Buna səbəb qızların hər həftə keçirilən məşqlərə maraq göstərməsi olub. Qız tamaşaçıların sayının günü-gündən artması  onlar üçün də xüsusi məşq proqramı təşkil edilməsi ilə nəticələnib.  Departamentin rəhbəri Co Doylun sözlərinə görə bu marağa səbəb təbliğatın düzgün istiqamətdə aparılmasıdır: “Qızların da  məşqlərdə iştirak etməsi, onlar üçün xüsusi proqramın təşkili kütləviləşdirmə prosesinin bir hissəsi kimi planlarımızda var idi. Sadəcə əksər valideynlərin qız övladlarının futbol məşqlərinə qatılmasının əleyhinə olması bu planın reallaşdırılmasını yubadırdı. Zaman keçdikcə, düzgün təbliğat, məşqlər və əhali arasında futbola marağın artması bu məsələnin müsbət yöndə inkişafını sürətləndirdi.”

Artıq “Qəbələ” FK FKD hər həftənin cümə axşamı Qəbələ rayon Vəndam qəsəbə 2 saylı tam orta məktəbində qızlar üçün məşqlər təşkil edir. Məşqlərdə 11-14 yaş arası qızlar yer alırlar. Qızların futbol bacarıqlarının sürətlə artmasını və qızlar arasında maraq dairəsinin genişlənməsi nəzərə alan “Qəbələ” FKD yaxın gələcəkdə digər kəndlərdə də sözügedən proqramın təşkilini planlaşdırır.