“Qəbələ” – “Qarabağ” – 1:1
20 dekabr 2020. Saat 15:00. Qəbələ şəhər stadionu, tamaşaçısız
Baş hakim: Rauf Cabarov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Müslüm Əliyev
Dördüncü hakim: İnqilab Məmmədov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Sarı vərəqələr: Rövlan Muradov, 68, 69 (qeyri-idman hərəkəti); Anar Nəzirov, 90+3 (hakimin qərarına etiraz) // Mahir Emreli, 8 (qeyri-idman hərəkəti); Kvabena Ovusu, 45+2 (qeyri-idman hərəkəti); Elvin Cəfərquliyev, 90+3 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Rövlan Muradov, 69
Qollar: Rafael Utriq, 83 // Filip Ozobiç, 51
Qolla nəticələnməyən penalti: Uroş Matiç, 16
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Azərbaycan Premyer Liqasında XII tura start verilib. Koronavirus pandemiyası səbəbindən təxirə salınmış turun eyni gündə keçirilən oyunlarına Qəbələ şəhər stadionunda start verilib. Peşəkar Futbol Liqasının birbaşa üzvləri olan Premyer Liqa klubları ilə birgə “YAŞAT turu” elan etdiyi turun ilk matçında “Qəbələ” “Qarabağ”la qarşılaşıb. Komandalar görüşə “Qələbəni bizə yaşadanları yaşat” pankartı ilə çıxıb. Görüşdən öncə Vətən Müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad olunub. Ötən turun “Sumqayıt”a qarşı noyabrın 30-da keçirilən matçı ilə müqayisədə “qırmızı-qaralar”ın start heyətində yalnız bir dəyişiklik baş verib. Baş məşqçi Elmar Baxşıyev Merab Qiqauriyə “11-lik”də yer verib. Asif Məmmədov start heyətindən kənar qalıb.
Oyuna qonaqlar daha fəal başlayıb. “Qəbələ” matçın əvvəlində əsasən əks-hücumlar qurmağa çalışıb. Belə epizodların birində Rövlan Muradovun qapıya zərbəsi yaddaqalan olsa da, istənilən kimi alınmayıb. Ağdam təmsilçisinin hücumu zamanı Mahir Emrelini qabaqlayan Anar Nəzirov xəsarət alıb. Qapıçı həkimlərin müdaxiləsindən sonra meydana qayıdıb. Az sonra qolkiper yenidən diqqət mərkəzinə düşüb. O, Uroş Matiçin penalti zərbəsini dəf edib. “Qırmızı-qaralar”ın əks-həmlələri zamanı Rafael Utriq və Merab Qiqauri əlverişli mövqedən zərbə endirmək imkanlarını boşa verib. Hissənin sonlarında təzyiqi artıran qonaqların hesabı açmasına Anar Nəzirovun inamlı oyunu mane olub. Bir neçə dəfə seyvə imza atan qolkiper Uroş Matiçin təxminən 12 metrdən endirdiyi zərbəni kornerə çıxarıb.
İkinci hissənin əvvəlində komandamız fərqlənməyə yaxın olub. Rövlan Muradovun təxminən 26 metrdən endirdiyi cərimə zərbəsindən sonra top dirəyin yanından keçib. Az sonra hesab açılıb. “Qarabağ” Filip Ozobiçin qolu ilə önə keçib. Mahir Emrelinin zərbəsi zamanı Anar Nəzirov inamlı oynayıb. Nikolas Raysel əlverişli mövqeyə çıxsa da, zərbəsi alınmayıb. Hissənin ortalarında ikinci sarı vərəqə alan Rövlan Muradov “qırmızı-qaralar”ı azlıqda qoyub. Azlıqda qalan “Qəbələ” məğlubiyyətdən qaçmaq imkanları da qazanıb. İdris İnqilablının zərbəsindən sonra top çərçivəyə düşməyib. Hakimin final fitinə 7 dəqiqə qalmış komandamız istəyinə çatıb. Asif Məmmədovun sağ cinahdan cərimə meydanına ötürməsindən sonra qapıçı ilə üz-üzə qalan Rafael Utriq topu qolkiperin başı üzərindən tora göndərib. Bu, ardıcıl ikinci matçda fərqlənən braziliyalının “Qəbələ”də 3-cü qolu olub. Oyunun sonunda çempionatın lideri təzyiqi artırsa da, müdafiədə inamlı təsir bağışlayan “qırmızı-qaralar” heç-heçə hesabını qoruya bilib. Anar Nəzirov bir neçə dəfə rəqib zərbələrini dəf edib. Beləliklə, qollu heç-heçəyə nail olan “Qəbələ” ev qarşılaşmasında bir xal qazanıb.
“Qəbələ”
1. Anar Nəzirov (k)
14. Cavid Hüseynov
(11. Asif Məmmədov, 63)
77. Merab Qiqauri
32. Nikolas Raysel
(99. Ceyms Adeniyi, 81)
13. Yurgen Qoxa
26. Stefan Vukçeviç
2. Vinko Medimoreç
23. Rafael Utriq
(70. Ülvi İsgəndərov, 88)
10. Rövlan Muradov
55. İdris İnqilablı
71. Rüfət Əhmədov
Ehtiyat oyunçular:
94. Tərlan Əhmədli
74. Yusif Nəbiyev
28. Murad Musayev
4. Sadiq Quliyev
7. Roman Hüseynov
9. Ehtiram Şahverdiyev
6. Kamal Mirzəyev
17. Yaovi Akakpo
20. Faiq Hacıyev
Baş məşqçi: Elmar Baxşıyev
“Qarabağ”
12. Emil Balayev
5. Maksim Medvedev (k)
55. Bədavi Hüseynov
11. Mahir Emreli
10. Abdullah Zubir
19. Filip Ozobiç
7. Kvabena Ovusu
(27. Toral Bayramov, 71)
8. Uroş Matiç
(2. Qara Qarayev, 63)
81. Kevin Medina
6. Patrik Andrade
44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular:
94. Ayhan Arazlı
4. Rahil Məmmədov
77. Donald Qerye
18. İsmayıl İbrahimli
22. Musa Qurbanlı
21. Rauf Hüseynli
Baş məşqçi: Qurban Qurbanov