UEFA Avropa Liqasının II təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubunu mübarizədən kənarlaşdıran “Qəbələ” tarixində ilk dəfə 3-cü tura adlayıb. Komandamızın qələbəsində cavab oyununda əldə olunan 2:0 hesablı qələbə həlledici olub. “Qırmızı-qaralar”ın hər iki qoluna imza atan Sergey Zenyov “Bakcell Arena”da baş tutan matç haqda fikirlərini gabalafc.az-a açıqlayıb:
“Biz növbəti mərhələyə yüksəlməyi çox istəyirdik. Çünki bu, klubun tarixində böyük uğur olacaqdı. Məsuliyyəti yaxşı başa düşürdük. Qələbə istəyimiz də böyük idi. Tamamilə matça köklənmişdik. Bu da qələbədə böyük rol oynadı. Sevinirəm ki, komandayla bu uğura nail olduq. Mən dubl etmişəmsə, matçın qəhrəmanı deyiləm. Futbolu 11 nəfər oynayır. Uğur da hamımızın qələbəsidir”.
“Qəbələ” III təsnifat mərhələsində Kiprin “Apollon” klubu ilə qarşılaşacaq. Zenyov növbəti rəqib haqda da fikirlərini bildirib: “Bununla kifayətlənmək istəmirik. “Apollon”u da keçmək niyyətindəyik. “Çukariçki”dən fərqli, kiprlilər daha çox texnikalı oyuna üstünlük verir. Bu da heyətində braziliyalı və portuqaliyalıların çıxış etməsi ilə bağlıdır. Bizə belə oyun üslublu rəqib daha münasibdir”.