2012-2013 mövsümünə istənilən kimi start verməyən "Qəbələ"nin əsas qol silahlarından Yannik Kamanan 2013-cü ilə daha fəal başlayıb. Antalya toplanışında əsl Kamananın geri dönməkdə olduğundan xəbər verən fransalı hücumçu son iki premyer liqa oyununu - "İnter" və "Xəzər-Lənkəran" qarşılaşmalarını 3 qolla tamamlayıb. Təsnifat mərhələsinin sonuna bir tur qalmış, qırmızı-qaraların ilk altılığa vəsiqə qazanması baxımından həlledici rol oynayan "Qəbələ"-""Xəzər-Lənkəran" matçında dubla imza atmaqla Kamanan komandasının qələbəsində böyük pay sahibi oldu. Matçdan sonra gabalafc.az-la fikirlərini bölüşən forvard qələbənin komandanın əzmkarlığı sayəsində qazanıldığını bildirib:
"Maraqlı və gərgin oyun keçdi. Çətin oyun olacağını bilirdik. Hər iki komanda qələbə qazanmaq üçün meydançaya çıxmışdı. Amma ilk dəqiqəqədən rəqibin qapısına yol tapdıq və nəticədə vacib 3 xal qazandıq. 2 dəfə fərqləndim. Bu mənimçün sevindirici haldır. Amma bu təkcə mənim uğurum deyil. Bu gün komanda olaraq üstün mübarizə apardıq. Qol vururamsa, bu komanda yoldaşlarımın oyunu sayəsində baş tutur".
Kamanan açıqlamasında gələcək hədəflərdən də danışıb:
"İlkin hədəfimiz ilk altılıqda yerimizi təmin etmək idi. Bunun öhdəsindən gəldik. Artıq əsas hədəfimiz barədə düşünürük. Cari mövsümün sonunda minimum medalçılar sırasına düşməliyik. Diqqətimizi eyni hədəfə yönəltmişik. Bu məqsədə nail olmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam".