DÇ-2018-in seçmə mərhələsində III tura yekun vurulub. C qrupunda çıxış edən Azərbaycan milli komandası səfərdə Çexiya yığması ilə qarşılaşıb. İlk iki oyunda San-Marino və Norveçi eyni – 1:0 hesabı ilə məğlub edən komandamız Ostrava şəhərindəki matçda da xal qazanıb – 0:0. Baş məşqçi Robert Prosineçkinin milliyə dəvət etdiyi “Qəbələ” futbolçularının hər ikisi bu qarşılaşmada da iştirak ediblər. Məhəmməd Mirzəbəyov və Ruslan Qurbanov görüşü start heyətində başlayıbıar. Məhəmməd əvəzolunmadan oynayıbsa, Ruslan 87-ci dəqiqədə əvəzlənib. Bu heç-heçədən sonra quru və məğlubiyyətsiz oyunlar seriyalarını 3-ə, xal hesabını 7-yə çatdıran yığmamız qrupun turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, “Qəbələ”nin daha bir futbolçusu – Sergey Zenyov da DÇ-2018-in seçmə mərhələsində növbəti oyununu keçirib. Estoniya yığmasının üzvü Yunanıstanla ev qarşılaşmasında 90 dəqiqə meydanda olub. Onun komandası bu görüşdə 0:2 hesabı ilə uduzub.