Rafael Ağayev finalda
Karate / 26 Yanvar 2019 | 23:191131
Rafael Ağayev finalda

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti uğuruna imza atıb. Təmsilçimiz Fransada keçirilən “Paris Open” Karate1 Premyer Liqa turnirində finala yüksəlib. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız Pyer De Kuberten stadionunun salonunda təşkil olunan yarışın ilk günündə 4 döyüşə çıxıb. Ağayev öncə Qulam-Abbas Saadini (Pakistan) 7:2, ardınca Enes Qaribovici (Xorvatiya) 2:0 hesabı ilə məğlub edib. İkinci qarşılaşma zamanı zədələnən karateçimiz Yusey Sakiyamanı (Yaponiya) 1:1 hesablı heç-heçədən sonra hakimlərin qərarı ilə məğlub etməyi bacarıb - 5:0. Ali Asker Asiabari (İran) ilə yarımfinal görüşündə yenidən zədələnməsinə baxmayaraq Rafael yenə qələbə qazanıb - 2:1. Ardıcıl 4 qələbə ilə finala yüksələn karateçimiz sabah baş tutacaq həlledici qarşılaşmada yaponiyalı Ken Nişimura ilə üz-üzə gələcək.