Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal əldə edib. Beşqat dünya çempionu yarışa qrup mərhələsində başlayıb. 75 kq çəki dərəcəsində çıxış edən Rafael B qrupunda Noa Biçə (Almaniya) 2:1, Çuneari Yahiroya (Avstraliya) 5:0, Nurkanat Ajiqanova (Qazaxıstan) 3:2 hesabı ilə qalib gəlib. Bu qələbələrdən sonra yarımfinala vəsiqəni təmin edən Ağayev qrupdakı son görüşündə Luici Busaya (İtaliya) uduzub - 1:3. Qrupu 6 xalla 2-ci pillədə başa vuran karateçimiz yarımfinalda macarıstanlı Qabor Harspataki ilə üz-üzə gəlib. 7:0 hesablı qələbə qazanan Rafael finala yüksəlib. O, həlledici qarşılaşmada yenidən Busa ilə görüşüb. 0:1 hesabı ilə uduzan Ağayev Olimpiya Oyunlarının gümüş mükafatını qazanıb.