Rafael Ağayevdən gümüş medal
Xəbərlər / 30 İyun 2019 | 22:17340
Rafael Ağayevdən gümüş medal

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunları başa çatıb. Yarışın son günündə Azərbaycanın və “Qəbələ” İdman Klubunun karateçisi Rafael Ağayev tatami üzərinə çıxıb. 75 kq çəki dərəcəsində çıxış edən idmançımız qrup mərhələsində Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edib. Qabor Harspataki (Macarıstan) ilə 0:0 hesablı heç-heçə edən Rafael yarımfinala qrup birincisi kimi yüksəlib. 5 qat dünya, 11 qat Avropa çempionu finala vəsiqə uğrunda döyüşdə estoniyalı Pavel Artamonovu 2:1 hesabı ilə üstələyib. Həlledici qarşılaşmada ukraynalı Stanislav Horunaya 0:4 hesabı ilə uduzan karateçimiz gümüş medala yiyələnib. Dörd il əvvəl Bakıda təşkil olunan ilk Avropa Oyunlarının çempionu olan Ağayev qitəmiqyaslı multiidman yarışında ikinci medalını qazanıb.

“Qəbələ” İdman Klubunun daha altı üzvü Azərbaycan yığmasının heyətində Avropa Oyunlarında iştirak edib. Boksçulardan Alfonso Dominqes çempion adına yiyələnibsə, Cavid Çələbiyev 1/4 finalda, Kamran Şahsuvarlı və cüdoçu Kəramət Hüseynov 1/8 finalda mübarizəni dayandırıb. Digər cüdoçu Uşanqi Kokauri isə fərdi yarışlarda bürünc medal uğrunda qarşılaşmada uduzaraq 5-ci olubsa, qarışıq komandayla 1/8 finalda uduzub. Karateçi Rafiz Həsənov (67 kq) qrup mərhələsində məğlub olaraq çıxışını başa vurub.

Xatırladaq ki, Azərbaycan yığması Minsk-2019-da ümumilikdə beşi qızıl, onu gümüş, on üçü bürünc olmaqla 28 medal qazanıb.