Rafael Santosla müqavilə imzalandı, Derlis Meza Kolli ilə yollar ayrıldı
Xəbərlər / 20 Dekabr 2015 | 13:06135
Rafael Santosla müqavilə imzalandı, Derlis Meza Kolli ilə yollar ayrıldı

“Qəbələ” braziliyalı futbolçusu Rafael Santosla da müqavilənin müddətini artırıb. Yeni anlaşma ilyarım müddətinə nəzərdə tutulub. Müqaviləsi bu ilin sonunda başa çatan 31 yaşlı müdafiəçi 2017-ci ilin yayına qədər “qırmızı-qara” forma geyinəcək. 2014-cü ilin yanvarından “Qəbələ”nin şərəfini qoruyan cənubi amerikalı indiyədək 69 oyunda komandamızın heyətində meydana çıxıb. Bu matçların 51-i Premyer Liqa, 12-si Avropa Liqası, 6-sı Azərbaycan kuboku çərçivəsində baş tutub. Santos “Qəbələ”nin tarixində ən çox oyun keçirən 11-ci futbolçudur.
Digər legioner Derlis Meza Kolli isə “Qəbələ”dən ayrılıb. 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə mövsümün sonunda başa çatmalı olsa da, qarşılıqlı razılıqla anlaşmaya xitam verilib. Mövsümün əvvəlindən “qırmızı-qaralar”ın şərəfini qoruyan paraqvaylı legioner komandamızın heyətində 10 matçda 1 qol vurub. Premyer Liqada 4, Avropa Liqasında 5 matçda iştirak edən Derlis yeganə qolunu ölkə kubokundakı matçda rəqib qapısından keçirib.
“Qəbələ” İdman Klubu Derlis Meza Kolliyə “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki payına görə təşəkkür edir, gələcək karyerasında yeni-yeni uğurlar arzulayır.