Rekordçu komanda Daril Villardla yubiley oyununa çıxır
Xəbərlər / 12 Aprel 2012 | 07:00428
Rekordçu komanda Daril Villardla yubiley oyununa çıxır

Bu həftə Azərbaycan çempionatında XXVIII turun oyunları keçiriləcək. Final mərhələsinin II dövrəsinin ilk turu həm Unibank Premyer Liqası, həm də bu yüksək dəstədə çıxış edən klubların əvəzediciləri üçün növbəti sınaq olacaq. Elə “Qəbələ”nin əvəzediciləri də vacib oyunlarından birinə çıxacaq. Əksər vaxtlarda əsas komandanın kölgəsində qalan, lakin heç də az diqqət görməyən “Qəbələ”nin əvəzediciləri bu dəfə “Neftçi” ilə görüşəcək.

Son 5 turun oyunundan asılı olmayaraq mükafatçılar sırasında yerini təmin edən və ən azı bürünc qazanacağını rəsmiləşdirən komanda liderlə qarşılaşmada 5 xallıq fərqi azaltmağa çalışacaq. “Qəbələ” qalib gələcəyi halda həm çempionluq şanslarını qoruyacaq, həm də ən azı II yeri tutacağını rəsmiləşdirəcək.  5 oyuna 5 xallıq fərqin aradan qaldırılması yönündə ilk addım şəxsi oyundakı qələbə ola bilər. Bununla da cari mövsümdəki şəxsi oyunların balansında üstünlük əldə olunar. Səfərdə “Neftçi”yə 1:3 uduzan “Qəbələ” öz meydanında rəqibindən 4 xal alıb – 2:2 və 1:0.

Cari mövsüm öz meydanında uduzmayan “Neftçi”nin bu seriyasını qırmaq üçün “Qəbələ”nin kifayət qədər stimulu da var. Onlardan biri baş məşqçi Daril Villardla bağlıdır. Belə ki, ötən mövsümün startından iş başında olan ingiltərəli çalışdırıcı bu postda yubiley – 60-cı oyununa çıxacaq. Villardın yubileyinə töhfə vermək üçün yetirmələri qələbə qazanmağa çalışacaq. Qeyd edək ki, Vilardlı “Qəbələ” 59 matçda 33 qələbə qazanıb, 14 heç-heçə edib və 12 dəfə məğlub olub. Bu oyunlarda 107 qol vuran komanda cəmi 57-ni buraxıb. Özü də Villardın yetirmələri bir sıra rekordların müəllifidir.

- Cari mövsümdə ən az qol buraxan komanda “Qəbələ”dir.
- Səfərdə ən çox – 30 xal toplayan 2 komandadan biri “Qəbələ”dir.
- Səfərdə ən çox – 8 qələbə qazanan 2 komandadan biri “Qəbələ”dir.
- Səfərdə ən az – 3 dəfə uduzan 3 komandadan biri “Qəbələ”dir.
- Səfərdə ən az – 13 qol buraxan 2 komandadan biri “Qəbələ”dir.

Lakin “Qəbələ”nin rekordları təkcə mövsümə aid deyil. 2008/09 mövsümündən başlayaraq PFL-in bayrağı altında keçirilən əvəzedicilərin yarışlarında bir sıra rekordlara şərik olan “Qəbələ”nin mütləq rekordları da kifayət qədərdir.

- Daril Villard hazırda iş başında olan 3 baş məşqçidən biridir ki, ən azı ardıcıl 2-ci mövsümdür ki, postundadır. Ötən mövsümün startında ingiltərəli ilə yanaşı mübarizəyə başlayan Mehman Hacıyev (“Kəpəz”) və Qəhrəman Əliyev (“Bakı”) indiyədək vəzifəsini itirməyib.
- “Qəbələ” 9 klubdan biridir ki, ardıcıl 4-cü dəfə təşkil olunan əvəzedicilərin çempionatının daimi iştirakçısıdır.
- “Qəbələ” 3 komandadan biridir ki, əvəzedicilərin yarışlarında 2 dəfə mükafatçılar sırasına düşüb. Komanda son 2 mövsümdə bürünc əldə edib. “Qarabağ”ın qızıl və gümüşü, “Bakı”nın qızıl və bürüncü var.
- Cari mövsüm mükafatçılar sırasına düşəcəyini rəsmiləşdirən “Qəbələ” ilk komanda kimi tarixə düşəcək ki, 3 dəfə mükafatçılar sırasına yer alıb.
- “Qəbələ” qazandığı mükafatları ardıcıl qazanmaqla da Azərbaycanda yeganə klub olacaq ki, 3 il ard-arda mövsümü medallarla bitirir.

“Qəbələ”nin əvəzedicilərin çempionatlarında göstərdiyi nəticələr də komandanın gücündən xəbər verir.
- 4 mövsüm ərzində 63 qələbə qazanan “Qəbələ” bu göstəricidə yalnız sabah qarşılaşacağı “Neftçi”dən geri qalır. Lakin cəmi 1 qələbəlik fərqi aradan qaldırmaq üçün bu matçdakı qalibiyyət yetərlidir.
- “Qəbələ”nin keçirdiyi 117 oyununda 20 heç-heçə və 34 məğlubiyyət də qeydə alınıb. 
- Əvəzedicilərin çempionatında 197 qol vuran “Qəbələ” “Neftçi” ilə görüşdə məhsuldarlıq nümayiş etdirərsə yubiley – 200-cü qolunu vura bilər. Bunun üçün 3 qol kifayətdir.
- “Əvəzedicilərin çempionatında 4-cü mövsümünü keçirən 9 komanda arasında ən az – 119 qol buraxanı “Qəbələ”dir. Bu yarışın mütləq rekordudur.

“Neftçi” və “Qəbələ”nin əvəzedicilərinin çempionatlardakı oyunlarına gəlincə isə əyalət təmsilçisi rəqibinə əsl kabus olub. “Neftçi” heç kimə uduzmadığı qədər – 6 dəfə məğlub olubsa, “Qəbələ” üzərində cəmi 3 qələbə qazanıb. 14-cü duel öncəsi top fərqi də “Qəbələ”nin xeyrinədir – 18:15. “Neftçi”nin meydanında hətta darmadağına da sevinmiş “Qəbələ” səfərdə daha güclüdür. Bakıda rəqibini 3 dəfə udan komanda 2 heç+-heçə edib və 1 dəfə uduzub. Top fərqi isə 8:5-dir.

“Qəbələ” – “Neftçi”yə qarşı 
2008/09
Evdə - 1:2, səfərdə - 1:1
2009/10
Evdə - 0:2, 3:2, səfərdə - 2:1, 3:0
2010/11
Evdə - 3:2, 0:0, səfərdə - 1:0, 0:0
2011/12 
Evdə - 2:2, 1:0, səfərdə - 1:3