Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qəbələ” – “Zirə” matçından (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis görüş barədə fikirlərini açıqlayıb:
“Ötən matçda olduğu kimi yenə hər şey oyuna görə idi. Rəqib daha yaxşı oynadı və xarakter göstərdi. Onlar yüksəlişdədirlər və yaxşı formadadırlar. “Zirə”ni və belə komanda qurduğu üçün Rəşad Sadıqovu təbrik edirəm. Təəssüf ki, öz vəziyyətimiz çox üzücüdür. Komanda sonuncu pillədədir, kubokda mübarizəni dayandırıb. Bütün suallara mövsüm bitdikdən, “Qəbələ”nin hansı liqada olacağı bilindikdən sonra aydınlıq gələcək. Hələ matçlarımız qalıb, futbolçular müqavilənin sonunadək oynamalıdırlar. Hesab edirəm ki, hər kəs işini maksimum görməlidir”.