Rəqibimizi tanıyaq
Xəbərlər / 7 Avqust 2015 | 20:37179
Rəqibimizi tanıyaq

UEFA Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” ilə qarşılaşacaq “Panatinaikos” Çempionlar Liqasının III təsnifat mərhələsində uduzduqdan sonra digər turnirdə mübarizə aparmalıdır. 2014/2015 mövsümündə Yunanıstan Superliqasında 2-ci yeri tutan Afina təmsilçisi cari mövsümə qitənin ən nüfuzlu klub turnirində başlayıb. Belçikanın “Brügge” klubu ilə ev oyununda 2:1 hesabı ilə qalib gələn afinalılar səfərdə böyükhesablı məğlubiyyət alıb – 0:3. Nəticədə “Panatinaikos” mübarizəni Avropa Liqasında davam etdirməlidir.
Klubun tarixinə nəzər salsaq, 1908-ci ildə yaranan komandanın artıq 107 yaşı var. “Panatinaikos” idman cəmiyyətinin nəzdində yaranan futbol klubu sonradan 23 bölməsi olan birlikdən ayrılıb. Düzdür, eyni adda digər növlər üzrə klublar da mövcuddur. İlk gündən yaşıl rənglərə sadiq qalan komanda ev oyunlarını 16 min tamaşaçı tutan “Apostolos Nikolaidis” stadionunda keçirir. Lakin daha böyük maraq doğuran qarşılaşmalarda “Panatinaikos” rəqiblərini Afinadakı 69 min 618 tamaşaçılıq Olimpiya stadionunda sınağa çəkir. Paytaxt təmsilçisi digər Yunanıstan təmsilçisi – Pirey “Olimpiakos”u ilə əzəli rəqabətdədir. Təsadüfi deyil ki, onların qarşılaşmaları “Əbədi düşmənlərin derbisi” adlanır. Titullarında rəqibindən geri qalan afinalılar ölkənin ikinci populyar komandası sayılır. Aparılan sorğulara əsasən, klubun azarkeşlərinin sayı 1 milyonu keçib. “Panatinaikos” ilk uğurunu yarandıqdan 1 il sonra qazanıb. Superliqanın sələfi olan Ümumyunanıstan çempionatında qalib gələn Afina klubu bu yarışda 6 dəfə çempion olub. Superliqada 20 çempionluq, 20 gümüş, 15 bürünc medal qazanan “Panatinaikos” 18 kubok əldə edərək, 8 “Qızıl dubl”a imza atıb. 5 dəfə də Superkuboka yiyələnən komanda son illər əzəli rəqibinin kölgəsində qalıb. 2003/2004 mövsümündəki çempionluqdan sonra yalnız 1 dəfə - 2009/2010 mövsümündə qızıl medallara yiyələnən komanda növbəti zəfərin həsrətindədir. Bu son iki çempionluq həm də “Qızıl dubl”la əlamətdar olub. Bundan sonrakı yeganə titul 2013/2014 mövsümündə ölkə kubokudur.
“Panatinaikos” Yunanıstanın beynəlxalq arenadakı ən yaxşı təmsilçisidir. Avrokuboklarda 1960-cı ildə debüt edən Afina komandası finala qədər də irəliləməyi bacarıb. 1970-ci ildə futbolçu kimi əfsanələşən Ferens Puşkaşı baş məşqçi postuna gətirən afinalılar tarixinin ən böyük uğurunu qazanıb. 1971-ci ildə Londonun “Uembli” stadionunda Çempionlar Liqasının finalında oynayan “Panatinaikos” Hollandiya “Ayaks”ı ilə görüşüb. Amsterdamlılar 2:0 hesabı ilə qalib gəlsə də, qitələrarası kubokda oynamaqdan imtina edib. Uruqvay “Nasional”ı ilə qarşılaşan yunanlar ən güclü olmaq şansını qaçırıb – 1:1, 1:2. “Yaşıllar”ın növbəti uğurları ötən əsrin 80-ci illərində əldə edilib. 1985-ci ildə Çempionlar Liqasının yarımfinalında “Liverpul”a uduzan afinalılar 3 il sonra UEFA kubokunda 1/4 finaladək irəliləyib. 1996-cı ildə Çempionlar Liqasının yarımfinalında “Ayaks”a uduzan yunanlar daha 3 dəfə 1/4 final həyəcanı yaşayıb. 1992 və 2002-ci illərdə qitənin ən nüfuzlu turnirində, 2003-cü ildə isə UEFA kubokunda buna nail olub.
Baş məşqçisi Yannis Anastasiou olan rəqibimiz ötən mövsüm Superliqada liderdən 12 xal geri qalmaqla yanaşı, Avropa Liqasının qrupunda da uğursuz çıxış edərək, sonuncu olub. 2012/2013 mövsümündə də bu turnirin qrupunda qalan komanda 2013/2014 mövsümündə avrokuboklardan kənarda qalıb. Bu, 1997/98 mövsümündən sonra yeganə belə uğursuzluqdur.
Ümumiyyətlə isə “Panatinaikos” avrokuboklarda 269 oyun keçirib. Afinalılar bu oyunların 95-də qalib gəlib, 65-də heç-heçə edib, 103-də uduzub.