Rey - Amil duetinin benefisi - «Qəbələ»dən ardıcıl ikinci darmadağın
Xəbərlər / 28 Sentyabr 2012 | 18:33558
Rey - Amil duetinin benefisi - «Qəbələ»dən ardıcıl ikinci darmadağın

"Qəbələ" - AZAL 6:0

Rey Məmmədbəyli, 14; 55; Amil Yunanov, 54; 60; 82; Tellur Mütəllibov, 80

Əvəzedicilər çempionatının VII turunda "Qəbələ" doğma meydançada AZAL-ı qəbul etdi. Ötən həftə doğma divarlar arasında "Rəvan"ı 5:2 hesabilə darmadağın edən və mövsümün ilk qələbəsini qazanan "Qəbələ" bu matça da iddialı çıxmışdı. 
Matç ilk dəqiqələrdən meydan sahiblərinin üstünlüyü ilə başladı. Biraz irəliyə gedib qonaqların matç boyunca yalnız bir neçə təhlükəli hücumla yadda qaldığını söyləyə bilərik. Topa nəzarət edən "Qəbələ"nin ilk qolunu cəmi 14 dəqiqə gözləmək lazım gəldi. Bombardirlik xüsusiyyətləri ilə diqqət çəkən Rey Məmmədbəyli fərqləndi - 1:0. İlk hissənin qalan dəqiqələri də Luis Aragonun yetirmələrinin hücumları ilə müşayiət olundu. Amma son anda futbolçuların qeyri-dəqiqliyi birinci hissədə hesabın dəyişməsinə imkan vermədi. 
İkinci hissə də eyni ssenari ilə davam etdi - "Qəbələ" hücum edən, AZAL isə müdafiə olunan tərəf idi. İlk yarıdan fərqli olaraq ikinci 45 dəqiqədə meydan sahibləri yaratdıqları elverişli epizodların bir çoxunu dəyərləndirdilər. Hissənin qol pərdəsini 54-cü dəqiqədə Amil Yunanov araladı - 2:0. Cəmi bir dəqiqə sonra Rey Məmmədbəyli çempionatda 7-ci qolunu rəsmiləşdirdi - 3:0. Dördüncü qolu da çox gözləmədik, 60-cı dəqiqədə qoleadorluq bacarığını nümayiş etdirən Amil Yunanov onu komandanın aktivinə yazdı. Hücumlarının kəsərini azaltmayan "Qəbələ" 80-ci dəqiqədə qonaqları bir daha meydanın mərkəzinə dəvət etdi. Tellur Mütəllimov hədəfi dəqiq nişan aldı - 5:0. Bu da qarşılaşmanın son qolu olmadı. Rəqibi təzyiq altında saxlayan Amil Yunanov 82-ci dəqiqədə het-trikini və matçın nəticəsini rəsmiləşdirdi - 6:0.  
Beləliklə, "Qəbələ" ardıcıl iki böyükhesablı qələbə qazanmaqla çempionatdakı iddiasını ortaya qoydu və turnir cədvəlindəki yerini nisbətən yaxşılaşdırdı.