Roy Makayın komandası Qəbələyə gəlir
Xəbərlər / 14 Fevral 2013 | 13:31261
Roy Makayın komandası Qəbələyə gəlir

Qəbələdə 15 yaşa qədər futbolçular arasında keçiriləcək II Beynəlxalq Qəbələ Kubokunun iştirakçılarının siyahısına daha biri əlavə olunub.  Turnirdə yer almaq üçün dəvət alan Hollandiya təmsilçisi "Feyenoord"  rəsmi məktubla II Qəbələ Kubokunda iştirakını təsdiqləyib. "Feyenoord"un U-15 komandasına hazırda Hollandiya futbol tarixinin ən güclü hücumçularından biri hesab edilən, yaxın keçmişdə bombardirlik keyfiyyətləri ilə dünya futbol ictimaiyyətinin diqqət mərkəzində olan, karyerası boyunca "Deportivo", "Bavariya", "Feyenoord" kimi tanınmış klublarda top qovan və bir sıra titullara sahib çıxan Roy Makay başçılıq edir. Gənc mütəxəssis 2010-cu ildən futbolçu karyerasını bitirdiyi "Feyenoord"da akademiya məşqçisi kimi fəaliyyət göstərir.
 
Xatırladaq ki, daha əvvəl 5 komanda – "Barselona", "Şaxtyor", “Beşiktaş”, “Zenit” və "Bakı" turnirdə iştirakını rəsmi şəkildə təsdiqləmişdi. 28 may – 02 iyun tarixlərinə baş tutacaq turnirin digər iştirakçılarının adları da yaxın müddətdə müəyyənləşəcək. 

Xatırladaq ki, ilk turnir 30 may – 04 iyun 2012-ci il tarixlərində “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutmuşdu. I Qəbələ Kubokunda Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunmuşdu.