Sadə Dieqo, çay həvəskarı Mişel və onların ingilisdilli uşaqları
Xəbərlər / 12 Dekabr 2012 | 11:26265
Sadə Dieqo, çay həvəskarı Mişel və onların ingilisdilli uşaqları

Əcnəbilərin Azərbaycandakı həyatı həmişə  maraqlı görünür. İllah da, bu əcnəbi futbolçudursa. Qürbət ölkədə yaşamağın özəllikləri bir tərəfə, qərib olub həm də futbol oynamağın özü xeyli mürəkkəb məsələdir. Görəsən, bu futbolçu Azərbaycana öyrəşə bilibmi? Dillə, mətbəxlə, iqlimlə bağlı problemlər yaşamır ki? Ailəsi üçün darıxmır ki?  Bir sözlə, suallar çoxdur.
"Əcnəbilər Azərbaycanda” rubrikasının ilk qonağı  olan Dieqo Koşta Silva və onun ailəsi ilə də elə bu məqamlar barədə danışacağıq. 

"Qəbələ" klubunda 25 nömrəli qapıçı formasını daşıyan Dieqo Koşta Silvanın ailəsi 4 nəfərdən ibarətdir. Xanımı Mişellə 2 övladı var.  Lorenza 9 yaşındadır. Dieqonun oğlu isə təkcə zahirən atasına oxşamır - o, həm də atasının adaşıdır. Beləliklə, ata Dieqo, Mişel, Lorenza və oğul Dieqo. 

"BAKI  DA,  QƏBƏLƏ DƏ GÜNÜ-GÜNDƏN GÖZƏLLƏŞİR"

- Burada havalar soyuyur, qarşıdan qış gəlir. Siz isə isti ölkədənsiniz. Soyuq sizi təşvişə salmır ki? 

Mişel: Braziliyada biz yaşadığımız yer, əslində, o qədər də isti deyil. Ölkənin cənubunda yaşayırıq. Sizin ölkənizdən fərqli olaraq, Braziliyanın cənubu daha soyuqdur. Braziliya böyük ölkədir və orada iqlim zonaları da müxtəlifdir. Biz yaşadığımız bölgədə temperatur mənfi 5 dərəcəyə qədər düşür. Hətta ildə 1-2 dəfə qar da yağır. Doğrudur, Qəbələdə hava daha soyuqdur. Amma bu, bizə problem yaratmır. Düşünürük ki, qışa hazırıq.

-Braziliyanın hansı bölgəsindəsiniz?

Mişel: Kaşias du Sul şəhərindən. Paytaxt Braziliadan çox uzaqdayıq. Bizim şəhərlə paytaxt  arasında 3 min kilometr məsafə var. 

-Axırıncı  dəfə  evdə  nə  vaxt olmusunuz?

Mişel: Dieqo axırıncı dəfə bu ilin iyununda evə baş çəkib. Mən və uşaqlarımız isə sonuncu dəfə 2010-cu ildə evdə olmuşuq.

- Azərbaycandakı həyata tam uyğunlaşa bilmisinizmi?

Ata Dieqo: Vətəndən kənarda yaşamaq bizə çətin deyil. Çünki uzun müddətdir xaricdə yaşayırıq. Bu baxımdan təcrübəmiz yetərincədir. Üstəlik, biz həmişə yeniliklərə can atırıq. Səyahət etməyi də çox xoşlayırıq. Yeni ölkələr, yeni insanlar, yeni mədəniyyətlə tanış oluruq. Bütün bunlar cox maraqlıdır. Uzun müddət Portuqaliyada yaşayıb, sonra buraya gəlmişik. Azərbaycanda da bizə çox yaxşı münasibət var. Buranın insanları çox qonaqpərvər və gülərüzdürlər. Ancaq  hər halda  çətinliklərimiz olur. Biz ölkəmiz üçün yox, ailəmiz üçün darıxırıq.

- Beş aya yaxındır burdasınız. Azərbaycan haqqında nə bilirsiniz? 

Mişel: Bura gəlməzdən əvvəl Dieqo məndən xahiş etmişdi ki, sizin ölkəniz haqqında məlumat toplayım. Mən də yubanmadan araşdırmaya başladım. Hələ o zaman öyrəndim ki, Azərbaycan islam ölkəsidir. Buranın vəziyyəti, tarixi, insanların həyat tərzi barədə oxudum. Hər şeylə maraqlandıq, öyrəndik. Başa düşdük ki, Azərbaycan bizim üçün yeni bir dünyadır.  
Dieqo: Artıq Bakı ilə tanış olmuşuq. Paytaxtınız çox gözəl şəhərdir. Qəbələnin də özünəməxsus gözəlliyi var. Bura sakit yerdir, təbiəti gözəldir, havası safdir. Həm Bakı, həm də Qəbələ günü-gündən gözəlləşir. İndiyədək Avropanın çox şəhərində olmuşam. Deyərdim ki, Bakı Avropa şəhərlərinin çoxundan gəşəngdir. Qəbələnin gələcəyi ilə bağlı layihələrdən, nəzərdə tutulan planlardan da xəbərim var. 

"HƏR  ŞEYİ  ATIB,  SEVGİNİ  SEÇDİM"

- Necə tanış olmusuz?  Bir-birinizi ilk dəfə nə vaxt və harda görmüsünüz?

Dieqo: Bu, 1998-ci il avqustun 3-nə təsadüf edir. Mişeli ilk dəfə onun məktəbi qurtarması münasibəti ilə keçirilən şənlikdə gördüm. Elə orada da tanış olmuşuq. Açığı, Mişelə ilk baxışdan vurulmuşam. O vaxtdan bilirdim ki, onunla ailə quracağıq, 14 ildən sonra uşaqlarımızla Qəbələdə olacağıq və sizə müsahibə verəcəyik (gülür).

- Dieqonun futbolçu olması seçiminizə təsir etdimi? Axı futbolçuların həyatı tam fərqli olur. Onlar demək olar ki, evdə tapılmırlar.

Mişel: Biz tanış olduqdan 5 il sonra ailə qurmuşuq. Mən tibb bacısıyam, onda işlərim çox olurdu. Dieqonun futbolçu olduğunu biləndə, seçim etməli oldum. Axırda  hər şeyi atıb, sevgini seçdim. İndi həyatımdan razıyam, özümü xoşbəxt hiss edirəm. 

- "Qəbələ" klubundan gələn təklifi necə qarşıladınız? Belə anlarda, adətən, evin xanımının mövqeyi həlledici olur.

Mişel: Dieqoya karyerasını Azərbaycanda davam etdirmək təklif olunanda, öncə bir az ehtiyat etdik. Çünki övladlarımızın gələcəyini fikirləşirdik. Onların təhsili bizi qayğılandırırdı. Hər iki övladımız məktəblidir.  “Qəbələ”dən təklif gələndə biz Barselonada tətildə idik. Tanışlardan biri mənə zəng vurdu və Azərbaycandan təklif gəldiyini dedi. Dieqo ilə öz aramışda danışdıq. Ona dedim ki, Azərbaycan yeni ölkədir, orada yeni insanlarla, yeni mədəniyyətlə tanış olacağıq. Yəni bu məsələdə ona dəstək verdim. Və ilk olaraq onun Azərbaycana gəlməsinə mən “hə” dedim. 

"ARZUM GƏLƏCƏKDƏ TELEVİZİYADA  ÇALIŞMAQDIR"

- Övladlarınızın təhsili nə yerdədir? Harda oxuyurlar?

Mişel: Uşaqlar Bakıda təhsil alırlar. Ona görə də, Dieqo həftəsonu ya Bakıya yollanır, ya da biz Qəbələyə gəlirik. Bu işlərdə "Qəbələ" rəhbərliyinin dəstəyini yaxından hiss edirik. Belə olanda Dieqo da diqqətini futbola yönəldə bilir, ailəsinə görə narahat olmur. Arxayındır ki, məişət problemlərini klub rəhbərliyinin köməyi ilə yoluna qoyuruq.

-Lorenza, dərslər necə gedir?

Lorenza: Azərbaycanda özümə çoxlu dost tapmışam. “British School"da oxuyuram. Məktəbi çox sevirəm, orada maraqlıdır. Burda həm də ingilis dilini öyrənirəm. Azərbaycan dilində də bir az bilirəm. Arzum gələcəkdə televiziyada işləməkdir. İngilis dilini tam öyrəndikdən sonra bütün dünyanı gəzəcəyəm. 
Ata Dieqo: Boynuma alıram ki, mən ilk dəfə burada gördüm ki, qızım ingiliscə danışa bilir. 

- Bəs oğlunuzun hansı sahəyə həvəsi var? Adətən, ata idmançı olanda istəyir ki, oğlu da onun yolunu davam etdirsin. Gələcəkdə Braziliya futbolunda kiçik Dieqo Silva görə biləcəyəkmi?

Mişel: Oğlum da atası kimi qapıçı olmaq istəyir. Biz Portuqaliyada yaşayarkən, "Sportinq" və "Vitoriya" klublarında oynayırdı. Hətta orada ilin qapıçısı da seçilib.

- Azərbaycanda necə, məşqləri davam etdirirmi?

Mişel: Biz Bakıda yaşayır, atası "Qəbələ"də oynayırsa, başqa kluba necə müraciət edə bilərik ki? Əlbəttə, futbol oğlum üçün çox vacibdir. Ancaq hələ gözləmə mövqeyindəyik. Buradakı insanları tanımağa, onların fikirlərini öyrənməyə çalışırıq. Ola bilsin ki, gələcəkdə yenə məşqləri davam etdirəcək.

"BRAZİLİYADA  QIZLAR  DİEQONU  QUCALAYIB  ÖPÜRDÜLƏR"

-Dieqo meydançadan kənarda necədir? Bir insan kimi onu necə xarakterizə edərdiniz?

Mişel: Dieqo xasiyyətcə çətin adam deyil. Onunla yola getmək asandır. Çox səs-küyü, ayrı-seçkiliyi bəyənmir. Ailədə hər şeyin bərabər, qarşılıqlı olmasını istəyir. Ailəsindən uzaqda qalmağı heç xoşlamır. Balıq tutmağı xoşlayır. Bundan başqa, kompüter oyunlarını sevir. Uşaqlarla oturub, saatlarla kompüterdə oynayır. Tennis oynamağı da xoşlayır. Birgə tez-tez kinoya gedirik. Düzü, burada kinoteatra getməyimiz mümkün deyil. Çünki filmlər rus dilində nümayiş etdirilir. Ona görə də, filmlərə kompüterdə baxmaq məcburiyyətindəyik.

- Azərbaycan mətbəxi ilə aranız necədir? Milli yeməklərimiz sizin üçün nə dərəcədə maraqlıdır?

Mişel: Öyrənməyə çalışıram. Məsələn, Azərbaycanda çayın dəmlənmə qaydasını öyrənmək istəyirəm. Çünki indiyədək belə dadlı çayı heç yerdə içməmişəm. Yerlilərdən soruşuram, eləcə də internetdə araşdırma aparıb, Azərbaycan xörəkləri barədə oxuyuram.
Dieqo: Əslində Mişelin yaxşı aşpazlığı var. Bu qabiliyyət ona anasından keçib. 

- Hansı xörəkləri daha çox xoşlayırsınız?

Dieqo: Mən toyuqdan hazırlanmış xörəklərə üstünlük verirəm. Sevinirəm ki, burada toyuq ətindən cürbəcür yeməklər bişirirlər.
Mişel: Mənsə sizin şirniyyatları xoşlayıram. Xüsusilə paxlavanı çox bəyənirəm (gülür).

- Futbolçu həyatı təkcə qələbələrdən ibarət deyil. Bura məğlubiyyətlər də daxildir. Belə günlərdə Dieqo özünü evdə necə sakitləşdirir, məğlubiyyəti necə həzm edir?

Mişel: Dieqo uduzmağı sevmir. Belə olanda,  o, evə gəlir, televizoru yandırıb, oturur qarşısında. Əslində, bu vaxt o, hansı səbəbdən məğlub olduqlarını düşünür, vəziyyətdən çıxış yolu axtarır, yəni fikri televizorda olmur. Beləcə televizorun qarşısında bəzən 5-6 saat oturur.

- Futbolçular diqqət mərkəzində olan insanlardır. Onların xanım azarkeşləri də çox olur. Bu, münasibətlərinizdə hansısa bir məqamda problem yaratmır ki? Həyat yoldaşınızı qısqanırsınız, yoxsa Dieqo bundan ötrü sizə heç bir əsas vermir?

Mişel: Portuqaliyada və Azərbaycanda belə problemlə qarşılaşmamışam. Bu ölkələrdə insanlar bir-birini anlayır, hörmət edir. Amma Braziliyada vəziyyət fərqli idi. Orada qızlar, qadınlar Dieqonu qucaqlayıb öpür, ona gül bağışlayırdılar. Etiraf edirəm, belə hallar məndə qısqanclıq yaradır.

"BURADA  BİZİ  ƏN ÇOX  TƏƏCCÜBLƏNDİRƏN "QƏBƏLƏ"NİN BAZASI OLDU"

- Dieqo evdə komandası haqqında danışırmı? Məsələn, baş məşqçi Ramiz Məmmədovu necə xarakterizə edir?

Mişel: Deyir ki, Ramiz Məmmədov indiyə qədər rast gəldiyi ən təcrübəli futbol adamlarındandır. Həmişə futbolçuları mübarizəyə, qələbəyə həvəsləndirir.
Dieqo: Ramiz Məmmədovun gəlişi komandada müsbət dəyişikliklər yaradıb. İnanıram ki, bu irəliləyiş davamlı olacaq. Son oyunlarda qazandığımız uğurlu nəticələr bizə ümid verir.

- Mişel xanım, bu sualı sizə vermək istəyirik. Necə olur ki, siz ingiliscə danışa bilirsiniz, amma Dieqo yox?

Mişel: Mən təhsil alanda, ingilis dilini öyrənəndə, Dieqo işləyirdi. O, tənbəldir, oxumaqla arası yoxdur. Ona görə də, ingilis dilini bilmir. Dil bilməməyi onu pis vəziyyətdə qoyur. Əslində, o, insanlarla ünsiyyət qurmağı, tez dil tapmağı bacarır. Dil bilməməyi isə bu sahədə ona böyük çətinliklər yaradır. Azarkeşlərlə ünsiyyət yarada bilmir, məşqçiyə sözünü çatdırmaqda çətinlik yaşayır. Hətta tərcüməçi ilə də sərbəst danışa bilmir. Bir faktı deyim. Portuqaliyanın “Vitoriya” klubundan Dieqonu yolasalma mərasiminə 5 minə yaxın azarkeşi gəlmişdi. Dieqo mikrofonla onlara sözünü dedi, sağollaşdı və Azərbaycana yollandı. Azarkeşlər onunla şəxsən görüşmək üçün sıraya düzülmüşdülər.

-Bu gün uşaqlarınız da burada, yanınızdadır. Payız tətilini Qəbələdə keçirmək kimin ideyasıdır? 

Mişel: Biz Qəbələni Bakıdan da çox xoşlayırıq. Bura bizim yaşadığımız yerlərə oxşayır. Ona görə də, Qəbələdə özümüzü evdəki kimi hiss edirik.

-Və sonda. Azərbaycanda sizi ən çox təəccübləndirən nə oldu?

Dieqo: “Qəbələ” Futbol Klubunun bazası. Bura gəlməzdən əvvəl klubu belə təsəvvür etmirdik. Azərbaycana gəldikdən sonra gördük ki, “Qəbələ” yaxşı infrastruktura malik, inkişaf etməkdə olan  klubdur. Çoxlu məşq meydançaları, təcrübəli məşqçi heyəti, güclü azarkeşləri var. Bax, bunu heç gözləmirdik. 

QƏBƏLƏ FK qəzeti