“Young Talents – 2012” turnirinin qrup mərhələsini III yerdə tamamlayan “Qəbələ”nin 12 yaşa qədər futbolçulardan ibarət komandası 9-12-ci yerlər uğrunda matçda Rusiyanın Kanaplov Akademiyasının komandası ilə qarşılaşıb.
Matç Tolyatti təmsilçisinin hücumları ilə başlayıb. Bir gün ərzində 3-cü oyununa çıxan komandamızın yorğunluğu ilk hissənin hesabında özünü göstərib – 0:2.
İkinci hissəyə “Qəbələ” daha fəal başlayıb. Ardıcıl rəqib qapısı önündə təhlükəli vəziyyətlər yaradan komandamız tezliklə hesab arasındakı fərqi azaldıb. Samir Qurbanov Orxan Abdullayevin sağ cinahdan ötürməsini dəqiqliklə tamamlayıb – 1:2. Oyunun sonlarında əks-hücumdan sonra “Qəbələ” qapısında daha bir qol görüb və meydançadan 1:3 yenik ayrılıb.
“Qəbələ” turnirdəki son oyununu sabah keçirəcək. 11-12-ci yerlər uğrunda matçda komandamızın rəqibi səhər saatlarında bəlli olacaq.