Serbiyadan gümüş medalla
Xəbərlər / 14 İyul 2014 | 06:55205
"Qəbələ" boksçusu Məhəmmədəli Tahirov Serbiyada keçirilən "Golden Gloves" (Qızıl Əlcəklər) beynəlxalq turnirində uğurlu çıxışla yadda qalıb. Super ağır çəkidə (+91) mübarizə aparan idmançımız yalnız finalda məğlub olaraq turnirin gümüş medalına yiyələnib. İlk döyüşdə Polşa təmsilçisi Miloş Vodeçkini məğlub edən Tahirov yarımfinalda Ermənistan boksçusu Gnel Mutradyanla qarşılaşıb. Vacib görüşdə rəqibinə heç bir şans verməyən təmsilçimiz böyük üstünlüklə qalib gəlib və finalda döyüşmək hüququ qazanıb. Qızıl medal uğrunda döyüşdə Tahirovun rəqibi rusiyalı Viktor Orekov olub. Gərgin mübarizə şəraitində keçən qarşılaşma Orekovun qələbəsi ilə yekunlaşıb. Beləliklə, Məhəmmədəli Tahirov turniri gümüş medalla yekunlaşdırıb.
Xatırladaq ki, turnirdə 32 ölkədən 200-dən artıq boksçu iştirak edib.