«Sevinirik ki, belə tez-tez oynayırıq»
Xəbərlər / 22 Sentyabr 2016 | 16:00269
«Sevinirik ki, belə tez-tez oynayırıq»

Topaz Premyer Liqasının III turunun təxirə salınan “Qəbələ” – “Sumqayıt” oyundan (2:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Birinci hissədə strateji cəhətdən düzgün oynamadıq. Rəqib tamamilə müdafiəyə çəkilmişdi. Belə qapanan komanda ilə matçda sürətli, aqressiv oyun nümayiş etdirməli, hücumların kəsərini artırmalısan. Biz isə topa nəzarət edir, ötürmələrlə təşəbbüsü ələ alsaq da, ön xətdə lazımı oyunu göstərə bilmirdik. Fikrimcə, Petar Franyiç əldə etdiyi imkandan yararlansaydı, görüşün axarı da fərqli olardı. Ümumilikdə isə ilk yarıda hücumda dişsiz göründük. Fasilədə bu barədə futbolçularla söhbət apardım. İkinci hissədə daha aqressiv olduq. Mən təkcə meydana sonradan çıxan oyunçuları demirəm. Bütün komanda qol istəyi ilə mübarizə apardı və bu da öz nəticəsini verdi. Ağır qrafiklə oynayırıq. Lakin mən heç vaxt təqvimdən şikayətlənmirəm. Çünki UEFA Avropa Liqasının qrupunda çıxış edən komanda belə sıx təqvimdə oynamalıdır. Bu üzdən heç bir problem görmürəm. Belə vəziyyətdə daha ciddi iş görülməlidir, təhlil aparılmalıdır. Şikayətlənmək deyil, buna sevinirik ki, belə tez-tez oynayırıq. Qrupa düşməsəydik, qarşılaşmalarımız daha az olacaqdı. Buna baxmayaraq, mümkün olan hər şeyi edəcəyik ki, həm çempionat, həm də avrokuboklarda mümkün qədər yaxşı mübarizə aparaq. Bu gün əsas komandada şans qazanan Murad Musayevin oyunundan da razı qaldım. Onun yaxşı mübarizə apardığını düşünürəm. Qarşılaşma liderlik baxımından əhəmiyyət kəsb etdiyindən futbolçularla danışığımız oldu. Emosiyalarımı gizlətməyi xoşlamıram. Dabonun 90-cı dəqiqədə 60 metr qaçıb qol vurmasına həqiqətən sevindim”.