Sindromu qıran yubiley qələbəsi
Xəbərlər / 25 Mart 2012 | 14:58438
Sindromu qıran yubiley qələbəsi

Unibank Premyer Liqasının XXV turunda “İnter”i qəbul edən “Qəbələ” bu dəfə də qonaq komandanı xala həsrət qoydu. Bununla da Fatih Kavlakın yetirmələri həm uğurlu seriyalarını davam etdirdi, həm “İnter” sindromunu qırdı. Bu matç həm də bir sıra yubiley və rekordlarla əlamətdar oldu.

- “Qəbələ”nin futbolçusu Pavel Doroşev 2 rekorda imza atdı. Birincisi, latviyalı qolkiper klubun heyətində ölkə çempionatında 89-cu matçına çıxmaqla ötən tur təkrarladığı rekordu yenilədi. Bununla da o, “Qəbələ”nin 6 illik Premyer Liqa tarixində 88 matça çıxan Abdulkader Kamaranı arxada qoydu.

- Bundan başqa Pavel Kamaranın digər rekorduna şərik oldu. “Qəbələ”nin heyətində bütün yarışlarda ümumilikdə 97-ci dəfə meydana çıxan Doroşev artıq bu göstəricidə də klub rekorduna şərikdir. 

- Komandanın digər futbolçusu Deon Barton isə “Qəbələ”də 50-ci – yubiley matçını keçirdi. O, klub tarixində 100-ü yarılayan 18-ci futbolçu oldu.

- Yubilyar yalnız 81-ci dəqiqədə meydana çıxdığı görüşdə qələbə qolunu vurmaqla Premyer Liqada 15-ci dəfə fərqləndi Barton klubun çempionatdakı bombardirləri siyahısında liderliyini möhkəmlətdi. Bütün qollarını çempionatda vuran Yannik Kamanan isə 6-ya çatdı: Deon Barton – 15, Kənan Kərimov, Vitali Balamestnı – 11, Luiz Hilario, Fərzad Hatəmi – 8, Samir Zərgərov, Tornike Aptsiauri, Kristian Torres, Tomaş Stolpa – 7, Viktor Mendi, Milan Antiç, İqor Melnik, Yannik Kamanan – 6.

- Bu qələbə qolu sayəsində “Qəbələ” tarixində 17-ci dəfə qarşılaşdığı “İnter” üzərində 3-cü qələbəsini qazandı. 15 dəfə çempionat, 2 dəfə kubokda üz-üzə gələn rəqiblərin duellərində “Qəbələ 1 dəfə Premyer Liqa, 1 dəfə kubokda qalib gəlmişdi. Komanda çempionatda 1574 günlük sindroma son  qoyub rəqibini məğlub etdi. Sonundu dəfə buna 2007-ci il dekabrın 2-də təsadüf olunmuşdu  2:1. Kubokdakı qələbə isə 1053 gün öncə qeydə alınmışdı. Bundan əvvəlki 3 qarşılaşmanın heç-heçə bitdiyini nəzərə alsaq “Qəbələ” 4 oyundur “İnter”ə uduzmur.

- “Qəbələ” tarixinin 60-cı ev qələbəsini qazandı. 114-cü dəfə doğma meydana çıxan komanda 38 dəfə Premyer Liqa, 9 dəfə kubok, 13 dəfə birinci dəstədə qalib gəlib.

- “Qəbələ” baş məşqçisi Fatih Kavlakın rəhbərliyi altında Premyer Liqada 5-ci ev qələbəsini qazandı. Komanda buna məğlub olmadığı 7 matçda nail olub.

- “Qəbələ” ardıcıl 8, çempionatda isə 7 oyundur meydanı qolsuz tərk etmir. Komanda sonuncu dəfə ötən il dekabrın 21-də “Qarabağ”la 0:0 bitən qarşılaşmada meydanı qolsuz tərk edib. 2009/10 mövsümündə ardıcıl 9 çempionat oyununda qol vuran komanda həmin rekordun 2 addımlığındadır. Premyer Liqanın bu 7 matçında komanda 16 top vurub.

- “Qəbələ” son 9 ev oyununda uduzmur. Son dəfə  ötən il oktyabrın 29-da “Simurq”a 0:2 hesabı ilə uduzan komanda sonrakı 7 çempionat və 2 kubok matçında yenilməz olub. 

- Çempionatdakı son 3 ev oyununu qələbə ilə başa vuran “Qəbələ” bu il öz meydanında keçirdiyi 4 matçda ən azı 2 qol vurur.

- Cari mövsüm final mərhələsinin 3 oyununda uduzmayan “Qəbələ” 2010/11 mövsümündə də həlledici mərhələni yenilməz keçmişdi. Həmin vaxt 7-12-ci yerlər uğrunda mübarizədə 10 oyunluq məğlubiyyətsizlik qeydə alınmışdı. Final mərhələlərində 13 matçdır uduzmayan komanda sonuncu dəfə 2010-cu il mayın 15-də “İnter”lə səfər oyununda final mərhələsindəki məğlubiyyətin acısını dadmışdı – 1:4.

- Bruno Silva “Qəbələ”də 40-cı rəsmi matçını keçirdi.

- 16-cı dəfə meydana “Qəbələ”nin kapitanı kimi çıxan Mahir Şükürov bu göstəricidə Qoqa Berayaya çatdı. İndi o, yalnız 5 futbolçudan geri qalır: Kənan Kərimov – 49, Lyubo Baranin – 24, Xəyal Zeynalov – 22, Vitali Balamestnı – 20, İbrahim Hüseynov – 19.