“Sonadək döyüşəcəyik”
Xəbərlər / 3 Mart 2024 | 19:151630
“Sonadək döyüşəcəyik”

Misli Premyer Liqasının XXV turunun “Qəbələ” – “Səbail” oyunundan (2:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Gürcüstanlı mütəxəssis matç barədə fikirlərini açıqlayıb: 

 

“Nə isə demək çətindir. Komandanın ilk yarıda necə oynadığını gördünüz. 10 nəfərlə oynamaq çətindir. Ardıcıl iki oyunda təxminən bir hissəni azlıqda keçirmək nonsensdir. Birinci hissədə gözəl oynadıq, qollar vurduq, rəqibə imkan vermədik. Qırmızı vərəqədən sonra azlıqda qalanda artıq xarakter göstərmək lazımdır. Bəzi futbolçular bunu göstərə bilmədilər. Əvəzetmələrlə bağlı çətinliyimiz var. Meydana buraxdığımız oyunçuların keyfiyyətləri uyğun deyil. İkinci hissədə müdafiə olunmalı və xarakter göstərməli idik. 50 dəqiqə azlıqda qalmaq çətindir. Standart vəziyyətlərdən belə sadə qollar buraxdıq. Sxemi dəyişdik, komanda yaxşı oynayırdı”. 

 

Tsxadadze qırmızı vərəqələrin çox olmasından narazı qalıb: “Məşqçi oyun sistemini qura bilər. Amma belə qırmızı vərəqələr olursa, bunu öncədən görmək mümkün deyil. Futbolçuların fərdi səhvləri belə cəza ilə nəticələnir. Əvəzetmə ilə oyunu gücləndirə bilmirik. Amma düzgün yoldayıq. Rəqib qollardan başqa imkan yaratmadı. Bizim isə daha çox qol vəziyyətimiz oldu. Şansımız varsa, sonadək döyüşəcəyik. Birinci hissədə biz, ikinci hissədə rəqib üstün oldu və qalib gəldi. Belə oyunda uduzmaq üzücüdür. Heç vaxt təslim olmuram. “Standard” və “İnter”də olduğu kimi çox çalışacağıq”.