Misli Premyer Liqasının XXVI turunun “Sabah” – “Qəbələ” oyunundan (2:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Sizi 56 yaşlı mütəxəssisin fikirləri ilə tanış edirik:
“Komandamız yaxşı oynadı. İki çatışmayan məqamı qeyd edərdim. Hücumların sonluğunda bir az ustalıq və son zərbələr zamanı soyuqqanlılıq çatmır. Matçın 75 dəqiqəsindən sonra komandanı gücləndirə biləcək futbolçularla bağlı da çətinliyimiz var. Komanda çox yaxşı oynadı, pressinq etdi, qol vurdu. Oyunçulara irad tuta bilmərəm. Davit Volkovu tanıyıram. O, çox yüksək səviyyəli futbolçudur və ustalıq öz sözünü dedi. Həm “Qarabağ”, həm “Səbail”lə matçların birinci hissəsində də yaxşı oynamışdıq”.
Baş məşqçi qapıçı dəyişikliyi və komandanın mübarizəsindən də danışıb: “İki görüşdə 7 top buraxmışdıq. Digər qapıçımız var ki, ona şans verdik. Bu gün qolkiper kobud səhvlər etmədi. Yaxşı oynasaq da, xallar da toplamalıyıq. Uduzmağımız çox pisdir, buna yaxşı deyə bilmərəm. Sonadək mübarizə aparacağıq. Maksimum çox çalışacağıq. Komandanın tam müasir futbol oynadığını sübut edə bilərəm. Yaxşı kombinasiyalı, pressinqli oyun göstəririk. Çatışmayan xallardır ki, onları qazanmalıyıq”.