Misli Premyer Liqasının XXX turunun “Zirə” – “Qəbələ” oyunundan (1:0) sonra komandamızın baş məşqçisi Kaxaber Tsxadadzenin mətbuat konfransı keçirilib. Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:
“Zirə”ni qələbə münasibəti ilə təbrik edirəm. Rəşad Sadıqov bir neçə ildir bu komandada işləyir və yaxşı, möhkəm kollektiv yaradıb. Oyuna yaxşı hazırlaşmışdıq. İrəlidə pressinq edirdik, qol vəziyyətləri yaradırdıq. Amma ən vacibi qol vurmaq lazımdır. Qol vurmasan, qalib gəlmək mümkün deyil. Son nöqtəni qoymaqda problemlərimiz var. Yalnız son dəqiq zərbə çatmır. Buna görə də çox xal itirmişik. Bunun üzərində işləyirik. Qola qədər “Zirə”nin real epizodu yox idi. Oyun bizim böyük üstünlüyümüzlə keçirdi. Üç oyunumuz qalır. Sonadək mübarizə aparmaq lazımdır. Bir az artırsaq, istədiyimiz nəticəni əldə edə bilərik. Bu gün də çox azarkeş gəlmişdi. Çox təəssüf ki, onları sevindirə bilmədik. Sona qədər bizə dəstək olduqları üçün təşəkkür edirik”.