«Söz vermişdim ki, etimadı doğruldacağam»
Boks / 10 İyun 2014 | 06:00820
«Söz vermişdim ki, etimadı doğruldacağam»

Avropa çempionluğu uğrunda revanş döyüşündə almaniyalı Matias Pelki məğlub edən boksçumuz Fariz Məmmədov ötən gün vətənə dönüb. Hava limanında idmançımızı ölkənin boks həvəskarları, "Qəbələ" İdman Klubunu boks komandası, klub rəsmiləri və media nümayəndələri qarşılayıb. Qarşılama mərasiminin ardından Fariz Məmmədov Azərbaycana gətirdiyi WBCA və WBO versiyaları üzrə Avropa kəmərləri ilə media nümayəndələrinin önünə çıxıb:

"Pelklə döyüş çox gərgin keçdi. Çünki ilk raunda sol qaşımdam ağır zədə aldım. Bu, məni həyacanlandırdı. Görüş 12 raund idi. Rəqib həmin nöqtəyə çoxlu zərbələr endirə bilərdi. Zədənin növbəti raundlarda ağırlaşması və hakimlərin döyüşü dayandırması ehtimalı var idi. Bilirsiniz ki, Pelklə Almaniyada döyüşürdüm. Orta hakim belçikalı olsa da, 3 yan hakimi almaniyali idi. Amma mənim fikrim başqaydı. 6 ay aramsız məşq edib, qələbə hissi ilə alışıb yanırdım. Matiası yaxşıca öyrənmişdim. Onun əli uzun olduğundan, mənimlə məsafədə döyüşəcəkdi. Bunun üçün, ilk 2 raundda zərbələri onun çiyninə vurub, başını buraxdım. Məni aqresiv, yaxın məsafələrdən işləyən boksçu kimi tanıdığından, Pelklə başqa taktikada döyüşdüm. Məqsədim rəqibi nokauta salmaq deyil, 12 raundun cəmində qalib gəlmək idi. Lakin ona vurduğum ağır zərbələrin nəticəsində, o, 4-cü hissədə təslim oldu. Bundan özüm də təəccübləndim. Sonra məlum oldu ki, ağır zədə alıb".

Fariz Məmmədov dəstəyə görə "Qəbələ" İdman Klubunun rəhbərliyinə təşəkkür edib:

"Qəbələ" İdman Klubunun rəhbərliyinə  mənə verdiyi dəstəyə təşəkkür edirəm. Evdə uğursuz çıxışımdan sonra, idmançı karyeramı bitirməyi düşünürdüm. Psixoloji vəziyyətim qaydasında deyildi. Məğlubiyyətim mənə pis təsir etmişdi. Mənim boksa qayıdışımda "Qəbələ"nin böyük dəstəyi oldu. Məni ruhlandırdılar, mənə inandılar. Rəhbərliklə görüşdə mənə dəstək oldular. Söz vermişdim ki, etimadı doğruldacağam. Allaha şükürlər olsun ki, qarşıya qoyduğum məqsədə çatdım".