Subotiç ayın ən yaxşı futbolçusu seçildi
Xəbərlər / 17 Aprel 2014 | 10:35251
Subotiç ayın ən yaxşı futbolçusu seçildi

Aprelin 17-də Topaz Premyer Liqasında ən yaxşı futbolçuların növbəti mükafatlandırılması mərasimi keçirilib. “Ayın oyunçusu” və “ayın qolu” nominasiyasında dekabr, fevral və mart aylarında qalib seçilmiş futbolçulara mükafatlar təqdim olunub. Fərqlənənlər arasında “Qəbələ”nin isveçrəli legioneri Daniel Subotiç də olub. Belə ki, 24 yaşlı hücumçumuz Premyer Liqamızda 2013-cü ilin dekabrın ən yaxşı oyunçusu seçilib. 
Bununla da Subotiç çempionatımızda debüt mövsümündəcə ilk mükafatını qazanıb. “Qəbələ” isə bu nominasiyada artıq 2-ci dəfədir fərqlənir. Bunadək fransalı hücumçumuz Yannik Kamanan 2012-ci ilin martında ayın ən yaxşı oyunçusu olmuş, mükafatını Qəbələdə matç öncəsi almışdı.   
Daniel isə Qəbələdə - komandanın düşərgəsində olduğundan, “Fairmont Baku” otelində keçirilən tədbirə qatıla bilməyib. Bu üzdən təşkilatçılar – “Azərintelekt”in İdarə Heyətinin sədri Əhmət Sezərlə Peşəkar Futbol Liqasının Texniki-İdman şöbəsinin rəisi Zamiq Hüseynov kubokla ayın oyunçusuna nəzərdə tutulan 1500 manat mükafatı “Qəbələ”nin  mətbuat katibi Anar Hacıyevə təqdim ediblər. 
Digər qaliblərə gəlincə, dekabrın ən yaxşı qolunun müəllifi AZAL-ın amerikalı hücumçusu Con Oluremi olub. O, martda da eyni nominasiyada qalib olub. “Qarabağ”ən braziliyalı hücumçusu Reynaldo dos Santos isə fevralda hər 2, martda isə “ayın oyunçusu” nominasiyasında fərqlənib. 
Qeyd edək ki, ayın qolunu müəyyənləşdirmək üçün PFL-in rəsmi saytında səsvermə keçirilir. Ayın oyunçusunu isə 40-a idman jurnalisti arasında keçirilən səsvermə ilə müəyyənləşir.