Premyer Liqanın IV turunda “Qəbələ”nin rəqibi “Sumqayıt” olacaq. Güclülər dəstəsində ötən mövsüm debut edən “Gənclik şəhəri” təmsilçisi ilk dəfə “Qəbələ”nin qarşısına indiki adı altında çıxacaq. Belə ki, ötən mövsümün gedişində adını dəyişən rəqib komandamızla qarşılaşdığı vaxt hələ “Sumqayıt Şəhər” adlanırdı.
Bu komanda ilə artıq 2 dəfə görüşən “Qəbələ” rəqibinə xal verməyib. Hər 2 matçda rəqibindən üstün olan futbolçularımız səfərdə 2:1, evdə isə 3:1 hesabı ilə qalib gəlib. Göründüyü kimi bu matçlarda tərəflərdən heç biri qapısını toxunulmaz saxlaya bilməyib. “Sumqayıt” hər dəfə 1 qolla kifayətlənibsə, daha məhsuldar olan “Qəbələ” qələbələri sıralayıb.
Maraqlıdır ki, hər 2 matçın ilk hissəsində 2 qol vurulub. Əvvəlki qarşılaşmada fasiləyədək görüşün taleyini həll edən komandamız yalnız oyunun sonlarında qol buraxıb. Ev oyununda isə hesabı açan “Qəbələ” fasiləyədək bərabərliyi təmin edən qonaqların müqavimətini 2-ci yarıda 2 qolla qırıb.
Bu oyunların qəhrəmanı isə Luiz Hilario olub. Hər 2 oyunda fərqlənən legionerimiz Sumqayıtda hesabı açmaqla qələbədə pay sahibi olub. 2-ci dövrədə isə hesab 1:1 olarkən səhnəyə çıxan braziliyalı komandamızı önə çıxarıb. Rəqib qapısına digər 3 qolumuzu isə Daniel Lopez Kruz, Serj Cehua və Viktor Mendi vurublar.
2011/12 14.08.2011 Premyer Liqa Sumqayıt Şəhər - Qəbələ 1:2
2011/12 04.12.2011 Premyer Liqa Qəbələ - Sumqayıt Şəhər 3:1