Taekvondo üzrə Azərbaycan millisi Bakıda keçirilən komandalararası dünya çempionatının qalibi adını qazanıb. Dünya çempionu tituluna yiyələnən yığmamızın heyətində “Qəbələ” İdman Klubu iki taekvondoçu ilə təmsil olunub. İdmançılarımız Məhəmməd Məmmədov (63 kq) və Milad Beigi Harçeqaninin (80 kq) çıxış etdiyi millimiz yarışın ilk günündə Belçikanı 27:8, ABŞ-ı 42:4 hesabı ilə məğlub edərək, B qrupunun birincisi kimi yarımfinalda iştirak hüququ qazanıb.
Bu gün baş tutan həlledici qarşılaşmalarda da yığmamız qələbələri sıralayıb. Yarımfinalda Türkiyəni 33:3 hesabı ilə məğlub etməklə, finala yüksələn komandamızın son rəqibi Cənubi Koreya olub. Taekvondoçularımız asiyalıları 21:5 hesabı ilə üstələyiblər. Bu, yığmamızın ardıcıl ikinci dünya çempionluğu olub.