Taekvondoçularımızdan 2 medal
Xəbərlər / 25 Mart 2016 | 20:45125
Taekvondoçularımızdan 2 medal

“Qəbələ” İdman Klubunun taekvondo üzrə açıq birinciliyinə start verilib. Klubumuzun təşkilatçılığı ilə baş tutan yarışda təmsilçilərimizlə yanaşı, Bakı şəhəri və respublikamızın digər bölgələrində fəaliyyət göstərən klub və bölmələrinin uşaq, yeniyetmə taekvondoçuları qüvvələrini sınayır. Yarışın mükafatları uğrunda 36 komandadan 457 idmançı mübarizə aparır ki, bunların 39-u “Qəbələ”ni təmsil edir. Birinciliyin ilk günündə tatami üzərinə 2005-2006, 2007-2008-ci il təvəllüdlü oğlanlar və yeniyetmə qızlar çıxıblar. Onlar 10 çəki dərəcəsində qalibləri müəyyənləşdiriblər. “Qəbələ” taekvondoçuları ilk günü 2 medalla başa vurublar. 26 kq çəki dərəcəsində çıxış edən Ülvi Musayev 2007-2008-ci il təvəllüdlü idmançıların yarışında bütün rəqiblərinə qalib gəlib, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Qızların mübarizəsində qüvvəsini sınayan Nərmin Şirinova da fəxri kürsüyə yüksələ bilib. O, 41 kq çəki dərəcəsində 2-ci pilləyə yiyələnib. Yarışın ikinci günündə yeniyetmə oğlanlar tatami üzərinə çıxacaq.